Naxçıvan Dövlət Universitetinin müəllimi Nazim Quliyev Naxçıvan Bəstəkarlar Təşkilatının sədri seçilib.

Yeniera.az-ın xəbərinə görə, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nazim Quliyev Naxçıvan Bəstəkarlar Təşkilatının sədri seçilib.

Qeyd edək ki, Nazim Paşa oğlu Quliyev 1950-ci il sentyabr ayının 20-də Naxçıvan şəhərində müəllim ailəsində dünyaya göz açıb.

İlk musiqi təhsilini Naxçıvan şəhər Pioner və Məktəblilər evinin tar dərnəyində alan Nazimin ilk müəllimi Səfər Rəcəbov olub. Daha sonra təhsilini davam etdirən Nazim, Naxçıvan 1 saylı şəhər musiqi məktəbinin tar sinfinə daxil olub. Hələ musiqi məktəbində oxuduğu illərdə balaca musiqiçi, qəlbində rövnəqlənən kiçik əsərlərini musiqili barmaqları ilə notlara köçürür və ilk kiçik həcmli əsərlərini ərsəyə gətirmişdir.

Nazim Quliyevin professional musiqiçi olmaq, böyük arenalara çıxmaq xəyalı onu 1978-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır. Bu ali musiqi ocağında görkəmli pedaqoq, bəstəkar, xalq artisti, professor Səid Rüstəmovun sinfində oxumaqla yanaşı, bəstəkar Afaq Cəfərovadan bəstəkarlıq dərsləri alıb. Yaradıcılıq fəaliyyətini davam etdirərək bu illərdə yazdığı fortepiano üçün “6 miniatür”, ” 9 prelüd”, “Variasiyalar”, “Nəqşi-cahan” süitası, B.Vahabzadənin sözlərinə bəstələnmiş “Səninlə”, M.Arazın sözlərinə “Dağlar küsüb” romanslarını, M.P.Vaqifin sözlərinə “Adını demərəm”, Aşıq Ələsgərin sözlərinə “Çərşənbə günündə” , A.Qasımovun sözlərinə “Ordubad bağları” və bir sıra mahnılar, kamera-instrumental əsərlər onu məşhurlaşdırır.

Nazim Quliyev ailəlidir, 3 qız övladı, 6 nəvəsi vardır. (Yenisabah)

Exit mobile version