Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi “Medeks” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, müqavilədə ekspertizaların aparılması üçün kimyəvi maddələrin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 15 554,76 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Medeks” MMC-nin 25 fevral 2008-ci ildə dövlət qeydiyyatına alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 1000 manatdır.

Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, məhəllə 1911-də yerləşir. MMC-nin hazırkı qanuni təmsilçisi Elşən Yusif oğlu Abbasovdur.

Şirkətin rəsmi internet səhifəsində isə “Medeks”in 2006-cı ildə təsis edildiyi qeyd olunur. Bu isə şirkətin təsis tarixindən iki il sonra dövlət qeydiyyatına alındığını göstərir.

Araşdırma zamanı məlum olub ki, Elşən Abbasov “Medeks” MMC-nin qanuni təmsilçisi olmazdan əvvəl bu vəzifəni Qoşqar İlahi oğlu Təhməzli icra edib. O, 2016-cı ilədək şirkətə rəhbərlik edib.

Mediada yayılan məlumatlarda Qoşqar Təhməzlinin “Medeks” MMC-nin təsisçisi olduğu da qeyd edilir.

Qoşqar Təhməzli hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədridir. O, 2017-ci ildən bu vəzifədədir.

Exit mobile version