Onlayn alış-verişin geniş yayılması ilə yanaşı, internet üzərindən həyata keçirilən ödənişlərlə bağlı problemlər yaranır. Bəzən vətəndaş məhsul sifariş edir, ödənişi əvvəlcədən həyata keçirir, lakin nə məhsulu əldə edə bilir, nə də ödədiyi vəsaiti geri ala bilir.
Ödənişin geri qaytarılması üçün bank hansı sənədləri və sübutları tələb edir?
Bu barədə açıqlama verən bank eksperti Emin Kərimov söyləyib ki, əgər şəxs rəsmi səhifələrdən sifariş verirsə, məhsul çatmadıqda, hər hansı səbəbdən problem yarandıqda və ya sifariş ediləndən fərqli məhsul göndərildiyi aşkarlandıqda, pulu geri qaytarmaq üçün onun müxtəlif rıçaqları, xüsusilə də hüquqi tənzimləmə imkanları var.
Onun sözlərinə görə, burada əsas məsələ sifarişin verildiyi platforma ilə həyata keçirilir:
“Yəni məhsul çatmayıbsa və ya qüsurlu gəlibsə, bu zaman hüquqi və texniki prosedurlar həmin platforma ilə aparılır. Platforma pulu geri qaytarırsa, ödəniş hansı kartdan, hansı vasitə ilə və ya hansı bank hesabından həyata keçirilibsə, vəsait də həmin ödəniş vasitəsinə geri qaytarılır. Amma şəxs saxta linklərdən, saxta və mövcud olmayan platformalardan istifadə edərək kiberdələduzların qurbanı olursa, bu zaman faktiki olaraq belə bir platforma mövcud olmadığı üçün nə həmin platformaya, nə də banka qarşı məsələnin həlli ilə bağlı birbaşa müraciət etmək mümkün olur”.
Emin Kərimov əlavə edib ki, rəsmi platformalardan sifariş verildikdə isə bütün hüquqi və texniki prosedurlar, ödənişin həyata keçirilməsi, pulun geri qaytarılması və digər məsələlər əməliyyatın tərəfləri arasında hüquq müstəvisində və eyni zamanda müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir.//Demokrat.az
