Hazırda bir çox vətəndaş, xüsusilə də yaşlı insanlar pensiya kartı əsasında kredit götürməyə üstünlük verirlər. Bəs, bu zaman əsas məhdudiyyətlər hansılardır?
Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, qanunvericilik pensiyaçıların kredit almasına hər hansı məhdudiyyət qoymur.
Ekspertin sözlərinə görə, “pensiya kartı ilə kredit” dedikdə, pensiyanı hansı bankdan alırlarsa, həmin bankın kredit verməsi nəzərdə tutulur:
“Bank kredit verərkən əsasən müştərinin aldığı pensiyanın məbləğinə baxır. Pensiyaçı krediti də, ödənişi də həmin bank üzərindən etdiyi üçün bank riskləri daha rahat hesablayır. Pensiyanın müəyyən hissəsi kredit ödənişinə yönəldilir, qalan hissə isə vətəndaşın istifadəsində qalmalıdır”.
Ə.Həsənov qeyd edib ki, bankların tətbiq etdiyi məhdudiyyətlər daxili qaydalarla müəyyən edilir:
“Bəzi banklar hesab edir ki, pensiyaçıya pensiyasından azı 300–400 manat qalmalıdır. Digərləri isə pensiyanın minimum 50 faizinin vətəndaşda qalmasını tələb edir. Bu göstəricilər bankdan banka dəyişir. Pensiyası az olanlara az kredit verilir, yüksək pensiya alanlara isə şərtlər daha geniş ola bilər”.
Ekspert vurğulayıb ki, pensiyaçıların yeganə gəlir mənbəyi adətən pensiya olduğu üçün banklar daha ehtiyatlı yanaşır:
“Yaşlı insanların öhdəlikləri təkcə kreditlə məhdudlaşmır, bəziləri övladlarına maddi dəstək olur. Həmçinin ödəməmək riski və ölüm ehtimalı da nəzərə alınır. Çünki vətəndaş vəfat edəndə pensiya da dayandırılır və bankın ödəmə riski artır”.
Onun sözlərinə görə, bütün bu səbəblər bankları pensiyaçılara kredit verərkən daha sərt risk qiymətləndirməsi aparmağa vadar edir.

