Pablo Pikassonun şah əsəri İspaniyada Madriddən Qranadaya daşınarkən yoxa çıxıb.
Yeniera.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, rəssamın 600.000 avro dəyərində olan “Gitara ilə natürmort” (1919) adlı kiçik tablosu CajaGranada Fondunda müvəqqəti sərgi üçün aparılırmış.
Bildirilir ki, hadisə oktyabrın 3-də baş verib. Fondun məlumatına görə, rəsm xüsusi nəqliyyat vasitəsi ilə daşınıb.
İspaniya polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Pikassonun əsərləri tez-tez cinayətkarların hədəfinə çevrilir. 2007-ci ildə rəssamın nəvəsinin Parisdəki evindən ümumi dəyəri 50 milyon avro olan iki rəsm və 1989-cu ildə başqa bir nəvəsi Marina Pikassonun villasından on iki sənət əsəri oğurlanıb.
Leyla Cəfərova

