“Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq gündəmdə tutduğu mövqeyin gücləndiyini göstərir. Bu səfər ölkəmizin diplomatiya meydanında qlobal aktor kimi qəbul edildiyini təsdiqləyir. Dövlət başçısının tribuna arxasında səsləndirəcəyi fikirlər yalnız regionu deyil, beynəlxalq münasibətlərin ümumi kursunu da maraqlandıracaq”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, Azərbaycan həmişə BMT platformasından beynəlxalq hüququn üstünlüyünü müdafiə edib:

“Azərbaycan hər zaman BMT platformasından beynəlxalq hüququn üstünlüyünü müdafiə edib və bu dəfə də həmin prinsipial mövqeyini davam etdirəcək. Prezidentin nitqində sülh quruculuğu, təhlükəsizlik və əməkdaşlıq məsələlərinin əsas yer tutacağı gözlənilir. Ölkəmizin işğaldan azad olunmuş torpaqlarda apardığı bərpa və yenidənqurma işlərini dünyaya təqdim etməklə öz gücünü nümayiş etdirəcək. Azərbaycanın post-münaqişə reallıqlarını qlobal ictimaiyyətə çatdırması beynəlxalq legitimliyin daha da möhkəmlənməsinə xidmət edir. Bu, həm də ölkəmizin sülhə nə dərəcədə sadiq olduğunu açıq şəkildə ortaya qoyur. İlham Əliyev Azərbaycanın enerji və nəqliyyat sahələrindəki təşəbbüslərini beynəlxalq tərəfdaşlarla bölüşməklə ölkəmizin geoiqtisadi rolunu vurğulayır”.
Analitik qeyd edib ki, Prezidentin ABŞ-dəki görüşləri Azərbaycanın diplomatik imkanlarını daha da genişləndirəcək:
“Bu səfər çərçivəsində keçiriləcək ikitərəfli görüşlər Azərbaycanın diplomatik imkanlarını daha da genişləndirəcək. Xüsusilə enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlı inkişaf sahələrində Azərbaycanın mövqeyi dünya üçün böyük maraq doğurur. Prezidentin çıxışlarında qlobal ədalətlilik, xüsusi yer alacaq. Azərbaycan bu platformadan sülh prosesində Ermənistanın məsuliyyətini xatırladacaq və regionda dayanıqlı sabitlik üçün öz konstruktiv təkliflərini təqdim edəcək. İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq yalnız regional güc deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilir”.
Siyasi ekspert vurğulayıb ki, Nyu-York səfəri yeni investisiya imkanlarının açılmasına şərait yaradacaq:
“Nyu-York səfəri həm də Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdəki nüfuzunu artırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Burada keçirilən görüşlər yeni investisiya imkanlarının açılmasına şərait yaradacaq. Prezidentin qətiyyətli mövqeyi ölkəmizin milli maraqlarının hər zaman qorunduğunu bir daha göstərəcək. Azərbaycanın artan nüfuzu bu gün beynəlxalq təşkilatlarda daha fəal rol almasına şərait yaradır. BMT tribunasından veriləcək mesajlar dünya dövlətlərinə Azərbaycanın sülhsevər, praqmatik və etibarlı tərəfdaş olduğunu sübut edəcək. İlham Əliyevin səfəri həm diplomatik, həm də strateji baxımdan Azərbaycanın mövqeyini daha da gücləndirəcək”.
Mikayıl Mirzəzadə

