Prezident İlham Əliyev F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Front oğlu Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Yeniera.az “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Famil Qasımovla bağlı maraqlı nüansları təqdim edir:

Famil Front Qasımov 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olub.

1984–1989-cu illərdə Rusiya Federasiyası Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim işləyib. 1992–2000-ci illərdə iqtisadiyyat sahəsində bir sıra nazirlik və dövlət komitələrində məsul vəzifələrdə çalışıb. 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi olub. 2004–2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri olub. 2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb. 2018–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləyib. 21 iyun 2019-cu il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.

1989–1992-ci illərdə AzTU-da müəllim, 2001–2009-cu illərdə UNEC-də baş müəllim, 2009–2014-cü illərdə dosent, 2014–2019-cu illərdə professor kimi fəaliyyət göstərib. 1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi dərəcəsini alıb. 2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə elmlər doktoru dərəcəsini alıb. Ali Attestasiya Komissiyasının qərarı ilə 2009-cu ildə dosent, 2014-cü ildə isə professor elmi adını alıb. 60-dan çox elmi əsərin, o cümlədən məqalə, dərslik, dərs vəsaiti, tədris proqramı və iki monoqrafiyanın müəllifidir.

Ailəlidir, iki övladı var.

Exit mobile version