Rusiyanın federal büdcəsində kəsir sürətlə böyüməyə davam edir.

Yeniera.az Musavat.com-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarının yekununda büdcə kəsiri 6,46 trilyon rubla çatıb və artıq bütün il üçün nəzərdə tutulan göstəricini xeyli ötüb.

Təkcə iyul ayında büdcə kəsiri daha 724 milyard rubl artıb. Nəticədə yeddi ayın yekununda kəsir Rusiyanın ÜDM-nin təxminən 2,8 faizinə bərabər olub.

Rusiya Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə, ilin əvvəlindən dövlət xərcləri yüksək səviyyədə qalır. Eyni zamanda neft-qaz sektorundan daxilolmaların azalması büdcəyə əlavə təzyiq yaradır.

Maraqlıdır ki, Yaxın Şərqdəki gərginlik fonunda neft qiymətlərinin yüksək olması belə vəziyyəti köklü şəkildə dəyişməyib. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun baş elmi işçisi İqor Nikolayev hesab edir ki, ilin sonuna federal büdcə kəsiri 9-10 trilyon rubla qədər yüksələ bilər. Hazırkı 6,46 trilyon rubl kəsir hökumətin il üçün nəzərdə tutduğu 3,8 trilyon rublluq göstəricidən artıq təxminən 1,7 dəfə çoxdur.

Rusiyanın maliyyə ehtiyatlarının vəziyyəti də diqqət çəkir. Milli Rifah Fondunun ümumi həcmi avqustun 1-nə 12,72 trilyon rubl olsa da, onun tez istifadə edilə bilən likvid aktivlərinin həcmi cəmi 3,69 trilyon rubl təşkil edib. Bu, proqnozlaşdırılan ÜDM-nin təxminən 1,6 faizinə bərabərdir.

Büdcə problemləri fonunda Rusiyada vergi yükünün gələcəkdə yenidən artırılması ehtimalı da müzakirə olunur.

Xatırladaq ki, 2025-ci ildən şirkətlərin mənfəət vergisinin əsas dərəcəsi 20 faizdən 25 faizə qaldırılıb. İqtisadçılar büdcə kəsirinin davamlı böyüməsinin hökuməti əlavə fiskal tədbirlər axtarmağa məcbur edə biləcəyini bildirirlər.

Exit mobile version