ABŞ Qəzzada atəşkəs razılaşmasının icrasına nəzarət üçün bölgədə 200 hərbçi yerləşdirəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin yüksək rütbəli rəsmisi “Associated Press” xəbər agentliyinə bildirib.
Adı açıqlanmayan rəsmi qeyd edib ki, hərbçilər İsrail ərazisinə yerləşdiriləcək və burada ABŞ Mərkəzi Komandanlığı “Mülki-Hərbi Koordinasiya Mərkəzi” yaradacaq.
Rəsmi əlavə edib ki, sözügedən komandanlıq Qəzzaya humanitar yardımın, həmçinin logistik və təhlükəsizlik dəstəyinin çatdırılmasını asanlaşdıracaq. ABŞ hərbçilərinin Fələstin anklavına göndərilməyəcəyi də vurğulanıb.
Məlumata görə, həmin hərbçilər tərəfdaş ölkələr, qeyri-hökumət təşkilatları və özəl sektor nümayəndələri ilə birgə fəaliyyət göstərəcək.
Qeyd edək ki, ABŞ ötən il də İsrailin hava hücumundan müdafiə sistemlərini idarə etmək üçün təxminən 100 əsgər göndərmişdi.

