Son günlər insanlar arasında ölüm halları durmadan artır.
Vəziyyəti ciddiləşdirən vacib nüans isə daha çox gənc və orta yaşlı insanların anidən ürək tutması nəticəsində dünyasını dəyişməsidir.
Ötən gün Əməkdar artist Cabir İmanovun ölümünü bu siyahıya əlavə etməliyik.
Üstəlik, həmin şəxslərin xeyli hissəsi vəfat etdikdən sonra ölüm səbəbləri kimi ürək göstərilir.
Bəs, erkən yaşda bu cür ölüm hallarının səbəbi nədir?
Bir qisim insan son ölüm hallarının səbəbkarı kimi “Covid-19”-u, digər qismi həmin xəstəlik üçün vurulan vaksini, bəziləri isə həyat tərzini görür.

Faciəvi tendensiya ilə bağlı Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Şöbə müdiri, kardioloq Sevil Tərlanova Yeniera.az-a açıqlama verib.
O bildirib ki, qəfləti ölüm təkcə ürəkdən yaranmır, bunun bir çox səbəbi var:
“Əslində ölən insanlar mütləq təşrif olunmalıdır. Son zamanlar bütün qəflətən ölən insanlara infarkt diaqnozu qoyulur. Qəfləti ölüm çox səbəbdən ola bilər. Beyin damarlarının, ağciyər arteriyasının mərkəzi trombozu, ağır aritmiyalar, beyin damarlarının və ya aorta anevrizmasının cırılması, partlaması qəfildən ölüm halı yarada bilər. Bu, ölüm halları sırf qidayla bağlıdır. İnsanın qanındakı laxtalanma sisteminin pozulmasıdır. Bütün bunlara koronavirus səbəb ola bilər. İkinci səbəb isə bizim yaşam tərzimizdir. İstirahətsiz, gərgin iş mexanizmi və düzgün qidalanmamaq, şişirdilmiş qidaların istifadəsi insanların damarlarında belə trombozlar, damar sklerozuna səbəb olur. Əvvəllər bu cür tendensiya yox idi”.
Kardioloq 40 yaşdan yuxarı insanlara bu cür məsləhətlər verib:
“Təklif edirəm ki, insanlar 40 yaşından sonra xolestirin mübadiləsini aşağı salmaq üçün müəyyən müalicələr alsınlar. Profilaktik qan duruldan preparatlar qəbul etsinlər. Eyni zamanda, ekologiya, immunitetlə bağlı anevrizm halı baş verə bilər. Nəticədə, insanlar tez-tez profilaktik müayinədən keçməlidirlər. Hansı xəstəliyə meyllilik varsa, o, aradan qaldırılmalıdır. Yenə də deyirəm, ölüm riski yaradan şeylər – qida, stress, laxtalanmanın pozulmasıdır. Laxtalanmanı da pozan viruslardır, əsas da rotavirus, koronavirusdur ki, insanın orqanizmində belə patalogiyalara yol açır”.
Mikayıl Mirzəzadə

