Avqustun 13-də Baş Prokurorluq beynəlxalq axtarışda olan Ruslan Əli oğlu Əsgərovun Moldovada tutularaq Azərbaycana gətirildiyini bəyan edib. Məlumata görə, Ruslan Əsgərov ibtidai istintaqı Samux Rayon Prokurorluğunda aparılan cinayət işi üzrə sifarişlə qəsdən adam öldürməni təşkil etməkdə şübhəli bilinir. Barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunan Ruslan Əsgərov istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilibmiş.
Moldovanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun ekstradisiya ilə bağlı vəsatətini təmin edib, Ruslan Əsgərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Ruslan Əsgərovun adı keçən cinayət işi üzrə iki nəfər – Elvin Qardaşəli oğlu Mehdiyev və Tural Ərəstun oğlu Yusifov bir neçə ildir Azərbaycanda həbsdədir. Elvin Mehdiyev Ruslan Əsgərovun sifariş verdiyi qətli icra etməkdə, Tural Yusifov isə bu cinayətə kömək göstərməkdə təqsirli bilinib. İbtidai istintaqı Samux Rayon Prokurorluğunda aparılan işi üzrə mühakimə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib, Elvin Mehdiyevə 18 il, Tural Yusifova 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Elvin Mehdiyev Cinayət Məcəlləsinin 120.2.5 (sifarişlə adam öldürmə), Tural Yusifov 32.120.2.5 (sifarişlə adam öldürmədə iştirak) maddələri ilə təqsirli bilinib.
Qətlə yetirilən şəxs isə iş adamı Aytəkin Hüseynovdur.
Aytəkin Hüseynov uzun müddət Ukraynada yaşayıb, orada kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olub. 2020-ci ildə Azərbaycana köçüb, Samux rayonunun Sərkar kəndində məskunlaşıb.
Ruslan Əsgərov da uzun müddət Ukraynada yaşayıb. Məlumatlara görə, Aytəkin Hüseynov Azərbaycana köçəndən bir müddət sonra Ruslan Əsgərov Ukraynada yaşayan Elvin Mehdiyevə Hüseynovu öldürməyi sifariş verib. Əslən Saatlı rayonundan olan Elvin Mehdiyev Ruslanın sifarişi ilə Ukraynadan Azərbaycana yollanıb, burada Sərkar kəndinin sakini Tural Yusifovla əlaqəyə girib, onun köməyi ilə Samux rayonuna gəlib və Beşyol adlanan ərazidə Aytəkin Hüseynovu ürəyindən bıçaqlayıb öldürüb.
Ruslan Əsgərov 1981-ci il, Tural Yusifov 1989-cu il, Elvin Mehdiyev 1993-cü il təvəllüdlüdür.
Medianews.az bildirir ki, Ruslan Əsgərov kriminal aləmdə “qanuni oğru” kimi tanınır. Onun adı 2021-ci ilin may ayında Ukrayna prezidenti Volodimir Zelenskinin imzaladığı, “qanuni oğru”lara qarşı sanksiyaları nəzərdə tutan fərmandakı siyahıda olub.
557 nəfərin adı olan həmin “qara siyahı” Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının doqquz ay ərzində apardığı təhqiqatın yekunları əsasında hazırlanıb. Həmin vaxt Ukraynada rəsmən bəyan edilib ki, siyahıya ən tanınmış cinayətkarların adı salınıb. Siyahıdakı şəxslərin əksəri Ukraynanın yox, başqa ölkələrin vətəndaşı olub. Ruslan Əsgərov siyahıda Gürcüstan vətəndaşı kimi qeyd edilib.
Zelenski sanksiyaları təsdiqləyəndən sonra ölkədə adı siyahıda keçən “qanuni oğrular”a qarşı əməliyyatlar başlayıb.
İyun ayında Ukrayna polisi Luqansk vilayətində Ruslan Əsgərovu iki nəfərlə birgə həbs edib. O zaman polis Dövlət Miqrasiya Xidməti ilə birlikdə onların öz vətənlərinə məcburi qaytarılması məsələsinə baxılacağı haqda məlumat yayıb. Ruslan Əsgərovun adı Gürcüstan vətəndaşı kimi keçdiyinə görə bu hadisə ilə bağlı Ukrayna mediasında yayılan xəbərlərdə söhbətin Gürcüstana deportasiyadan getdiyi qeyd olunub. Lakin onun Ukraynada məhkəmədə baxılan bir iş üzrə də təqsirləndirildiyi də bildirilib və vurğulanıb ki, bu səbəbdən Ruslanın Gürcüstana deportasiyası yalnız məhkəmə qərarından sonra mümkün ola bilər.
Ukrayna polisinin 2021-ci ildə Luqanskdakı əməliyatdan yaydığı fotolar:
İnternet resurslarında Ruslan Əsgərovun 2021-ci ilin iyun ayındakı həbsinin nə ilə nəticələndiyi haqda məlumata rast gəlinmir.
Onun haqqında məlumatlar onlayn resurslarda bir də 2026-cı ilin avqustundan başlayır.
Medianews.az bildirir ki, Azərbaycanın Baş Prokurorluğu ilə yanaşı Moldovanın Sərhəd Polisi də Ruslan Əsgərovun ekstradisiyası ilə bağlı açıqlama yayıb.
Açıqlamaya foto və video da əlavə edilib.
Moldova Sərhəd Polisinin Ruslan Əsgərovun ekstradisiyası haqda açıqlamya əlavə etdiyi foto:
Moldova Sərhəd Polisinin Ruslan Əsgərovun ekstradisiyası haqda açıqlamya əlavə etdiyi video:
Moldova Sərhəd Polisi Ruslan Əsgərovun mayın 22-də paytaxt Kişinyovda beynəlxalq hava limanında tutulduğunu xəbər verib. Ekstradisiya qərarını isə Moldova tərəfinin bir neçə aylıq araşdırmadan sonra avqustun 11-də çıxardığı diqqətə çatdırılıb.
Yeri gəlmişkən, Moldova Sərhəd Polisinin açıqlamasında da Ruslan Əsgərov Gürcüstan vətəndaşı kimi təqdim edilib.
Azərbaycan Baş Prokurorluğunun məlumatında isə Ruslan Əsgərov Azərbaycan vətəndaşı kimi göstərilir.
Görünür, Ruslan Əsgərovun iki pasportu var.
Azərbaycan qanunvericiliyinə əsasən, belə hallarda Azərbaycan dövləti şəxsi yalnız Azərbaycan vətəndaşı kimi tanıyır. Yəni Azərbaycan vətəndaşlığı olan şəxsin cibində əlavə neçə pasport olur-olsun, Azərbaycan dövləti həmin şəxsi xarici vətəndaş kimi deyil, Azərbaycan vətəndaşı kimi qəbul edir. Çünki Azərbaycan dövləti ikili vətəndaşlığı tanımır, ona görə Azərbaycan vətəndaşlığı olan şəxs yalnız Azərbaycan vətəndaşı kimi qəbul edilir.
