“Mən bu vaxta qədər heç bir yerdə danışmamışam və heç bir müsahibə verməmişəm. Bu məsələyə aydınlıq gətirilməsini istəyirəm, çünki mətbuatda çox danışılır və hərə bir söz deyir”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri 44 günlük Vətən müharibəsi qəhrəmanı, şəhid Səxavət Məmmədovun anası öldürülən gəlini Gülüzar Məmmədova ilə bağlı deyib.
Şəhid anasının sözlərinə görə, iddia olunduğu kimi, ortalıqda hər hansı bir maddiyyat və ya bank kartı məsələsi yoxdur: “Bizim öhdəmizə, payımıza düşən və dövlət tərəfindən bizə verilən nə qədər imtiyaz, eləcə də maddi vəsait var idisə, hamısını notarial qaydada gəlinimizə bağışlamışıq. Çünki onun iki körpə övladı var idi. Mən gəlinimlə eyni evdə yaşayırdım və altı il ərzində onu ovcumun içində bəsləmişəm. Heç kəs deyə bilməz ki, qayınana ilə onun arasında hər hansı bir söz-söhbət olub və ya problem yaşanıb. Bunu onun anası da, atası da, bütün qohum-əqrəbası da yaxşı bilir”
Məsələyə münasibət bildirən ana qarşı tərəfin əvvəlcə hadisənin əsl mahiyyətini gizlətməyə və günahı onun üstünə yıxmağa çalışdığını diqqətə çatdırıb: “Üzünə hər şey deyildi və qızın hansı səbəbdən getdiyi bildirildi. Atası, demək olar ki, hadisənin əsl mahiyyətindən xəbərsiz imiş. Gəlinin anası isə əvvəlcə qızının guya qayınanası ilə yola getmədiyini, evdə maddiyyat üstündə dava düşdüyünü və bu səbəbdən onu götürüb apardığını deməyə çalışırdı. Amma hadisə heç də belə olmamışdı. Hətta buradan çıxanda da dedi ki, ‘əgər saxlamırsınızsa, aparıb atasına deyərəm ki, arvadla söz-söhbəti düşüb, ona görə gətirmişəm’. Mən isə ona etiraz etdim və həqiqət nədirsə, onu deməsini, yalandan danışıb günahı mənim üstümə atmamasını bildirdim”.
Şəhid anası vurğulayıb ki, törədilən cinayəti qətiyyətlə pisləsə də, gəlinin nalayiq hərəkətləri bütün ailəni sarsıdıb: “Mən buna etirazımı bildirirəm, mən cinayətin tərəfdarı deyiləm. Bunu edən şəxs də dövlətin qanunları qarşısında layiqli cəzasını çəkəcəkdir. Gülüzar onların yox, mənim qızım idi, mənim evimdən getdi. O, mənim övladımın bu evdəki yadigarı idi, lakin onun etdiyi nalayiq hərəkətlər bütün hər şeyi məhv etdi və alt-üst etdi”.
Sonda şəhidin xatirəsinə qarşı edilən bu hörmətsizliyi heç bir vicdanlı insanın qəbul edə bilməyəcəyini deyən ana xalqa müraciət edib: “Buradan şəhid ailələrinə, namuslu qadınlarımıza, şəhid analarına müraciət edirəm: hansı biriniz öz gəlininizin şəhidin muzeyinə, onun xatirə otağına yad bir kişini gətirib salmasını qəbul edərsiniz? Mənim səsimi eşidin və mənə cavab verin. Mən kiməsə böhtan atmıram, ləkə yaxmıram. O, mənim evimdə göz bəbəyim kimi qorunan gəlinim, qızım olub, lakin təəssüf ki, bu yola düşüb”.
class=”video-embed”>
