2026-cı ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1 170,8 manata çatacağı proqnozlaşdırılır. Bu barədə məlumat Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb. Məlumata görə, 2027-ci ildə bu göstərici 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat, 2029-cu ildə isə 1 411,8 manat səviyyəsində olacaq. Bu maaş artımı kimlərə şamil olunacaq? Bu proses təqribən hansı tarixdən etibarən reallaşacaq?
Mövzu ilə bağlı politoloq Natiq Cəfərli Referans-a bildirib ki, bu, konkret sahələrə aid olan maaş artımı deyil. Orta əməkhaqqı bütün sahələr üzrə işçilərin sayına və aldıqları maaşlara əsasən hesablanır. Bu rəqəmlər sahə-sahə bölünmür, ümumi şəkildə götürülür. Məsələn, neft və bank sektoru, eləcə də dövlət qulluğunda maaşlar yüksəkdir. Bu sahələrin əməkhaqları orta göstəricilərə ciddi təsir göstərir. Sadəcə olaraq, bu rəqəmlər hər il aparılan indeksləşmənin nəticəsi kimi ortaya çıxır. Başqa sözlə, proqnozlaşdırılan artım bütün sahələr üzrə ortalama rəqəmləri əks etdirir və hər hansı konkret sosial qrupun və ya sahənin maaşının mütləq şəkildə bu qədər artacağı anlamına gəlmir.
Ekspert həmçinin qeyd edir ki, rəsmi statistikada maaşların artması sosial rifahın eyni templə yüksələcəyi anlamına gəlməməlidir . Əməkhaqqı artır, amma eyni zamanda inflyasiya da var. Ona görə də real gəlir artımı bəzən statistik göstəricilərlə uyğun gəlmir.
“Bütün hallarda, bu rəqəmlər ölkə üzrə iqtisadi dinamikanın və gələcəkdə maaş siyasətinin necə formalaşacağının göstəricisi kimi diqqət çəkir”, – deyə Natiq Cəfərli əlavə edib.

