Rusiya İranın “Shahed” pilotsuz uçuş aparatları (PUA) əsasında yaratdığı “Geran” zərbə dronlarını ciddi şəkildə modernləşdirib.

Yeniera.az xəbər verir ki, Tehran Moskvadan bu dronların daha müasir versiyalarının tədarük edilməsini tələb edib.

Qərb təhlükəsizlik xidmətlərinin nümayəndələrinə və Kremlə yaxın mənbələrə istinadən “Financial Times” (FT) nəşrinin yaydığı məlumatda bildirilir ki, Rusiyanın pilotsuz aparatlar sahəsindəki imkanları son illərdə əhəmiyyətli dərəcədə artıb. Tehran bu il İsrail və ABŞ-yə qarşı müharibədə istifadə etmək niyyəti ilə müasir “Geran”ların təcili tədarük olunması xahişi ilə Moskvaya müraciət edib.

Söhbət Rusiyanın 2023-cü ildə İranda hazırlanmış “Shahed”lər əsasında istehsalına başladığı dron versiyalarından gedir. O vaxtdan bəri bu PUA-ların konstruksiyası və texniki imkanları nəzərəçarpacaq dərəcədə təkmilləşdirilib.

Birinci nəsil “Geran-1” 20 kq-a qədər ağırlıqda döyüş başlığı daşıya və saatda təxminən 185 km maksimum sürət yığa bilirdisə, reaktiv mühərriklə təchiz olunmuş “Geran-5” bundan qat-qat güclüdür.

Nəşrin məlumatına görə, Rusiya bu modeli ilk dəfə 2026-cı ilin yanvarında tətbiq edib. Aparat saatda 600 km-dək sürət yığmaq, 90 kq-a qədər döyüş başlığı daşımaq və 1000 km-dək məsafə qət etmək imkanına malikdir.

Yeniliklər yalnız uçuş göstəriciləri ilə məhdudlaşmır. “Geran-4” daha aerodinamik gövdə alıb, “Geran-5”in konstruksiyası isə artıq daha çox qanadlı raketə bənzəyir.

Modernləşdirmə tuşlama sistemlərini də əhatə edib. İlk “Geran”lar nisbətən sadə idarəetmə sistemlərinə malik olduğu halda, yeni versiyalar termal kameralar və süni intellekt əsaslı tuşlama sistemləri ilə təchiz edilib. Bu göstəricilər yeni dronları Rusiyanın İran texnologiyası əsasında istehsal etdiyi ilk modellərdən xeyli üstün və mürəkkəb edir.

Bundan əlavə, zərbə dronlarına reaktiv mühərriklərin quraşdırılması onların sürətini kəskin artırıb və Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulmasını xeyli çətinləşdirib.

Musavat.com

Exit mobile version