Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında planlaşdırılan görüş ləğv olunub. Ağ Evdən bildirilib ki, görüşün taleyi hələlik qeyri-müəyyəndir və Tramp yaxın iki gün ərzində sammitin yenidən keçirilib-keçirilməyəcəyi barədə qərarını açıqlayacaq.
Qeyd edək ki, bu qərar beynəlxalq arenada böyük rezonans doğurub, çünki Budapeşt görüşü Rusiya-Ukrayna müharibəsində diplomatik irəliləyiş üçün nadir fürsət kimi qiymətləndirilirdi.
Bundan başqa, Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə minib. Bu, Amerikanın bundan sonra Ukraynaya daha çox yardım edəcəyi, müharibənin daha da uzanacağına dəlalət edirmi?
Sualımızı cavablandıran politoloq Elçin Xalibdəyli Yeniera.az-a bildirib ki, Putin Trampı aldatmağa davam edir. Onun sözlərinə görə, bu günə qədər artıq 3 dəfə Trampın aldadılma prosesi baş verib:

“Bir dəfə fevral ayında Tramp-Putin anlaşması olmuşdu və Kreml bu anlaşmaları yerinə yetirmədi. Daha sonra iyun ayında emissarlar üzərində anlaşma oldu və bu anlaşma da yerinə yetirilmədi. Nəhayət, Alyaska görüşü avqust ayında baş verdi, Rusiya həmin görüşdə əldə olunmuş anlaşmaları da kobud şəkildə pozdu. Putin Trampı aldatma prosesini uzatmış oldu və Tramp da Putin tərəfindən aldadıldığını etiraf elədi. Ancaq belə anlaşılır ki, Putin Trampı aldatsa belə, o, hələ də Putinə inanmağa davam edir. Çünki ABŞ Ukraynaya uzaqmənzilli raket sistemləri verdiyi, eyni zamanda Rusiyaya və onun iqtisadi-ticari tərəfdaşlarına sanksiyalar tətbiq etdiyi ərəfələrdə Putin növbəti dəfə Trampa zəng elədi və nəticədə ABŞ prezidenti Rusiya əleyhinə atacağı bütün addımları durdurdu. Bildirildi ki, Macarıstanda Putin-Tramp görüşü keçiriləcək və iki ölkə arasında münasibətlər yeni mərhələyə yönələcək”.
Politoloqun fikrincə, belə anlaşılır ki, Putin növbəti dəfə Trampı aldatmağa nail olub:
“Rusiya üçün xoşagəlməz situasiyanın dərinləşdiyi bütün mərhələlərdə, yəni Rusiyanın daha ağır sanksiyalara məruz qalacağı ərəfələrdə Putin Trampa zəng etməklə bu problemi gecikdirməyə və təxirə salmağa nail olub. Bu da o deməkdir ki, Tramp hələlik reallığı qəbul etməyənə qədər Putin bu cür monipulyasiyalara davam edə bilər. Bu baxımdan hesab edirəm ki, hələlik ABŞ-ın Rusiyaya qarşı daha sərt mövqe tutmasından, yaxud Ukraynaya genişmiqyaslı hərbi dəstək verməsindən danışmaq tezdir. Çünki Trampın mövqeyini dəyişmək o qədər də çətin deyil, hər halda Putin buna nail olmağa davam edir. Ona görə də hesab etmək olar ki, ABŞ-ın Ukraynaya yönəlik mövqeyinin dəyişməz xarakter alması üçün bir müddət gözləmək lazımdır. Bu müddətdə isə təbii ki, Putinin Trampı aldatmasına paralel olaraq, Ukrayna savaşının da müddəti uzanmış olacaq. Nə vaxt ki, ABŞ kollektiv Qərblə ortaq mövqedən çıxış edərsə, Rusiyaya qarşı qətiyyəli və prinsipial mövqe tutarsa, o zaman Rusiyanın çöküşü, zəifləməsi və savaş meydanında məğlub duruma düşməsi reallaşar. Bununla da paralel olaraq rəsmi Moskva danışıqlar masasına gələrək, beynəlxalq hüquq normaları çərçivəsində sülh şərtlərini müzakirə etmək məcburiyyətində qala bilər”.
Yeganə

