Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək barədə qərarını beynəlxalq öhdəliklərin pozulması kimi qiymətləndirib.
Yeniera.az bu barədə TASS-a istinadən xəbər verir.
Kosaçev bildirib ki, ABŞ-ın bu addımı Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinə (CTBT) və nüvə sınaqlarına qoyulan moratoriuma ziddir.
Onun sözlərinə görə, Vaşinqton müqaviləni ratifikasiya etməsə də, sənədin məqsədinə zidd addımlardan çəkinməyə borcludur.
Rusiyalı rəsminin fikrincə, ABŞ və NATO-nun mövcud məhdudiyyətləri aradan qaldırmaq cəhdləri onların birtərəfli hərbi üstünlük əldə etmək niyyəti ilə bağlıdır. “Onlar cavab almayacaqlarına inanaraq sərt davranırlar. Lakin Rusiya bu təhdidlərə cavab verə biləcək imkanlara malikdir,” – Kosaçev qeyd edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl “Poseydon” nüvə enerjisi ilə işləyən pilotsuz sualtı aparatının uğurla sınaqdan keçirildiyini açıqlayıb. Həmçinin “Burevestnik” qeyri-məhdud uçuş məsafəsinə malik qanadlı raketin sınaqlarının tamamlandığı bildirilib.
Rza Əli

