Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Keir Starmer “Eurofighter” qırıcıları ilə bağlı əməkdaşlıq memorandumu imzalayıblar.
Yeniera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib.
“Nümayəndə heyətlərinin danışıqları zamanı “Eurofighter” döyüş təyyarələrinin alınması ilə bağlı müqavilələr imzalandı. Cənab Baş nazirlə indicə sizin hüzurunuzda bu məsələ ilə bağlı əməkdaşlıq bəyannaməsi imzaladıq”, – deyə Ərdoğan İngiltərə Baş naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Lider qeyd edib ki, Türkiyə və Böyük Britaniya iki yaxın müttəfiqdir və buna görə də Türkiyə tərəfi bağlanan sazişləri ölkələr arasında strateji münasibətlərin yeni simvolu kimi qiymətləndirir.
“Cənab Starmer və komandasına Böyük Britaniyanın “Eurofighter” konsorsiumu adından gördüyü işlərə görə təşəkkür edirəm. Konsorsiuma üzv olan digər ölkələrin liderlərinə də konstruktiv mövqelərinə görə təşəkkürümü bildirirəm”, – Ərdoğan deyib.
Qeyd edək ki, müqavilə İngiltərə baş nazirinin Ankaraya səfəri zamanı imzalanıb.

