Ötən gün Türkiyədə LGBTİ+ dərnəklərinə, aktivistlərə və gecə klublarına qarşı genişmiqyaslı “Ailəm Təhlükəsizlikdədir” (Ailem Güvende) adlı xüsusi əməliyyat keçirilib.
Yeniera.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Agentlik yazır ki, ədliyyə naziri Akın Gürleyin bildirdiyinə görə, əməliyyatlar ailənin, uşaqların və cəmiyyətin mənəvi dəyərlərinin qorunması məqsədilə, Prezident Rəcəb Tayyib Ərdoğanın “2026–2035 Ailə və Əhali Onilliyi” konsepsiyası çərçivəsində İstanbul, Ankara və İzmir daxil olmaqla ümumilikdə 15 vilayətdə həyata keçirilib. Əməliyyat zamanı 162 şübhəli, 9 dərnək və 13 müəssisəyə qarşı hüquqi tədbirlər görülərək 60-dan çox şəxs saxlanılıb. Təkcə İzmirdə isə aralarında transgender qadınların da olduğu 16 şəxs məhkəmə qərarı ilə həbs edilib.
Soruşdurma “fahişəliyə təşviq”, “pornoqrafiya”, “cinayətkar dəstə yaratmaq” və “narkotik maddə saxlanılması” maddələri üzrə aparılır və gənclərlə uşaqların cinsi yönüm mövzusunda qanunsuz olaraq yönləndirildiyi iddia olunur.
Bundan əlavə, məhkəmə qərarı ilə ölkənin ən böyük LGBTİ+ təşkilatlarından olan “Kaos GL” dərnəyi də daxil olmaqla, çoxsaylı təşkilatların internet saytları və sosial media hesabları bloklanıb, kompüterlər və digər rəqəmsal daşıyıcılara əl qoyulub. Nazir həmçinin Maliyyə Cinayətlərini Araşdırma Qurumu (MASAK) tərəfindən aparılan maliyyə yoxlamaları zamanı bəzi dərnəklərə xarici dövlət qurumları və fondlardan külli miqdarda pul köçürüldüyünün müəyyən edildiyini vurğulayıb.
Xatırladaq ki, ötən gün baş tutan genişmiqyaslı əməliyyatlar qısa müddət ərzində sosial şəbəkələrin, xüsusilə də “X” və instaqramın Türkiyə seqmentində əsas müzakirə mövzusuna çevrilərək gündəmi tamamilə zəbt edib. Hazırda əməliyyatla bağlı yaradılan həştəqlər Türkiyə trendlərinin ilk sıralarında yer almağa davam edir.
