ABŞ-nin Sinsinnati Universitetinin Tibb Kollecində aparılan yeni elmi araşdırma plastik məmulatlarda geniş istifadə olunan kimyəvi maddələrin, xüsusilə bisfenol A (BPA) və digər fenolların ürəyin elektrik sisteminə mənfi təsir göstərə biləcəyini ortaya qoyub.
Yeniera.az xəbər verir ki, tədqiqatın nəticələri universitetin rəsmi saytında dərc olunub.
Alimlər qeyd edirlər ki, BPA və oxşar fenollar plastik qablaşdırmalarda, su butulkalarında, termal kağızlarda (çek lentələri), kosmetik vasitələrdə və gündəlik istehlak məhsullarında geniş istifadə olunur. Bu maddələrin orqanizmdə yığılması əvvəllər də ürək-damar xəstəlikləri, allergiya və endokrin pozuntularla əlaqələndirilmişdi.
Tədqiqat çərçivəsində 600 nəfərin sağlamlıq göstəriciləri və orqanizmdəki fenol səviyyələri təhlil edilib. Məlum olub ki, qan və toxumalarda bu maddələrin yüksək səviyyədə olması ürək ritminin pozulması ilə əlaqələndirilə bilər. Elektrokardioqram nəticələrində belə şəxslərdə daha çox anormallıqlar qeydə alınıb.
Alimlər bildirirlər ki, sağlam və genetik meyli olmayan şəxslərdə bu maddələrin təsiri nisbətən zəif ola bilər. Lakin yaşlı insanlar və ya ürək xəstəliklərinə meyilli olanlar üçün bu kimyəvi maddələr daha ciddi təhlükə yarada bilər. Hətta az miqdarda qəbul edilən fenollar belə zamanla yığılıb kumulyativ effekt verərək ürək-damar sisteminin işini poza bilər.
Leyla Cəfərova

