Tramp administrasiyası BCM-ə qarşı sərt sanksiyalar hazırlayır — Məhkəmə dollardan məhrum edilə bilər

Yeniera.az xəbər verir ki, Tramp administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı onun qlobal maliyyə sisteminə çıxışını kəskin şəkildə məhdudlaşdıracaq genişmiqyaslı sanksiya paketi hazırlayır.

Nəzərdə tutulan tədbirlərə əsasən, 6–7 aylıq keçid dövründən sonra BCM ilə əksər maliyyə əməliyyatları qadağan olunacaq. Bu addım məhkəməni ABŞ dolları ilə əməliyyatlar aparmaq imkanından tamamilə məhrum edə bilər.

Sözügedən kəskin addım BCM-in Qəzzada hərbi cinayətlər iddiası ilə İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verməsindən sonra gündəmə gəlib. Hazırlanan sanksiya paketi BCM rəsmilərinə qarşı hazırda qüvvədə olan məhdudiyyətlərdən dəfələrlə kəskin xarakter daşıyır.

Marko Rubio BCM üzvü olmayan ölkələrin rəsmilərinin təqib edilməsinin Vaşinqtonun suverenliyinə təhdid yaratdığını bildirib və Birləşmiş Ştatların məhkəməni “kərpic-kərpic sökmək” iqtidarında olduğunu vurğulayıb.

Sanksiyalarla bağlı rəsmi qərarın BMT Baş Assambleyasının keçirildiyi bu həftə ərzində elan ediləcəyi gözlənilir.

Musavat.com

Exit mobile version