2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) “N” hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.
Bu barədə Yeniera.az-a nazirlikdən məlumat verilib.
Əvvəlcə yoxlamanın başlaması ilə əlaqədar olaraq hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən keçirilən yoxlamaların növbəti mərhələlərində hərbi hissədə qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti yoxlanılıb. Xüsusi təyinatlı taborlar həyəcan siqnalı ilə qaldırılaraq, müvafiq döyüş tapşırığına uyğun ərazidə onların taktiki fəaliyyətləri, səhra vərdişləri və operativ hazırlıq səviyyələri yoxlanılıb.
Döyüş hazırlığı tədbirlərinin daha səmərəli təşkili, hərbi qulluqçuların peşəkarlığının artırılması və xidmətin müasir dövrün tələblərinə uyğun aparılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

