“Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) QSC-dən 100 milyon manatdan artıq kreditin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə adı hallanan şəxslərin “Turan Bank” ASC-nin səhmdarları ilə də əlaqəsinin olduğu üzə çıxıb.

Yeniera.az xəbər verir ki, iş üzrə saxlanılan şəxslərdən ikisi bankın səhmdarları olan şirkətlərin qanuni təmsilçiləridir.

Mediada yayılan məlumata əsasən, Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə dövlətə məxsus “Aqrarkredit” BOKT QSC-dən külli miqdarda kredit aldığı müəyyən edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib. Əməliyyat nəticəsində “Şurabad Quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad Broyler” MMC-nin direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov, həmçinin Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıblar.

İlkin ittihama görə, həmin şəxslər kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. İstintaqın qənaətinə əsasən, vəsaitlər təyinatı üzrə istifadə edilməyərək kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi məqsədlər üçün xərclənib.

Onlara Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına görə, hazırda həbs olunan şəxslərin M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətdiyi iddia olunur. Bildirilir ki, saxlanılanlardan bəziləri onun yaxın qohumları və ya uzun illər birlikdə çalışdığı şəxslərdir. Belə ki, Tofiq Musayev onun qardaşı oğlu, Fazil Rüstəmov isə Azərbaycan Sahibkarlar Konfederasiyasında müavini olub.

“Turan Bank” 1992-ci ildən fəaliyyət göstərir və ictimaiyyət arasında uzun illərdir Məmməd Musayevlə əlaqələndirilir. Bununla bağlı səsləndirilən iddialar indiyədək təkzib edilməyib.

Bankın əsas səhmdarları sırasında Məmməd Musayevin oğlu Azad Musayev (9,9%), “Sənaye Tikinti Təmir” ASC (9,9%), “Fidan” firması (9,7%), “Turac-AF” firması (9,7%), “Mirvari” MMC (8,6%), həmçinin fiziki şəxslər Musayev Rəhman Misgər oğlu (9,4%) və Kazımov Kazım Məhərrəm oğlu (8,7%) yer alırlar.

Araşdırma zamanı məlum olub ki, adı cinayət işində hallanan Yaşar Qurbanov “Turan Bank”ın səhmdarlarından olan “Fidan” firmasının, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov isə bankın digər səhmdarı “Turac-AF” firmasının qanuni təmsilçisidir.

Beləliklə, cinayət işi çərçivəsində saxlanılan şəxslər arasında “Turan Bank”ın iki korporativ səhmdarına rəhbərlik edən şəxslər də var. (Azpolitika.az)

Exit mobile version