Müdafiə Nazirliyində mənimsənilmiş ümumilikdə 160 milyon manat dövlət vəsaitinin nə qədərinin ödənildiyi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 41 milyon manata yaxın mənimsənilmiş vəsait dövlətə geri qaytarılıb. Bu məbləğin 38 milyon manatı ibtidai, 2 milyondan bir az artıq hissəsi birinci və apellyasiya məhkəməsi dövründə ödənilib.
Dövlətə vurulmuş ziyanın 12 milyon manatını Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, 11 il 6 ay azadlıqdan məhrum edilmiş general-mayor Nizami Məmmədov ödəyib. Qalan hissə isə digər təqsirləndirilən şəxslərin hesabına qaytarılıb.
Bundan əlavə, cinayət işi üzrə təqsirli bilinən şəxslərin əmlakı dövlət nəfinə müsadirə edilib.
Son apellyasiya baxışı iclasında Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə deyib ki, həbsdən azad olunacaqları halda dövlətə dəymiş ziyanın özlərinə düşən qalan hissəsini də ödəməyə hazırdırlar. 10 il 6 aylıq azadlıqdan məhrum edilən Əlizadə artıq 4 ildən çoxdur cəza çəkir. O, həbsdə qalmaqdansa, dövlətə dəymiş ziyanın ödənilməsinin vacib olduğunu deyərək azad edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi yekun qərarında zabitlərin şikayətlərini təmin etməyib. Onların həbsinin davamına qərar verilib.
Məhkum edilmiş şəxslərin bu qərardan kassasiya şikayəti verəcəkləri bildirilir. Son qərarı Ali Məhkəmə verəcək.

