Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Yeniera.az xəbər verir ki, ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
***
16:31
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində 2026-cı il 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Yeniera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Qəhrəmanov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

