“Hər bir dövlətin həm daxili, həm də xarici siyasəti mövcuddur və bu siyasətlər, ilk növbədə, həmin dövlətin öz maraqlarına uyğun formalaşır”.
Millət vəkili Arzu Nağıyev bunu Yeniera.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya uzun illər ərzində Ermənistanın əsas təhlükəsizlik qarantı olub:
“Moskva-İrəvan xəttində yaxınlaşma baş verə bilər, lakin bu, bölgədə qüvvələr balansını yalnız məhdud dərəcədə dəyişə bilər.
Azərbaycan isə öz iqtisadi potensialı, sürətlə artan gücü və Türkiyə ilə strateji müttəfiqliyi sayəsində bu balansın ciddi şəkildə dəyişməsinə imkan vermir. Qarabağ sonrası Azərbaycan tam suverenliyini bərpa edib və Ermənistan-Rusiya yaxınlaşması Bakının əldə etdiyi reallıqları dəyişə bilməz.
Əksinə, Rusiya Ermənistanla əlaqələri bərpa edərək, bölgədəki mövqelərini qorumağa çalışacaq. Lakin Azərbaycan regional proseslərdə təsirini azaltmaq imkanlarından yalnız məhdud istifadə edə bilər.
Azərbaycan-Rusiya münasibətləri çoxşaxəlidir. Bu münasibətlər enerji, ticarət və nəqliyyat kimi strateji sahələri əhatə edir. Buna görə də Moskva, Ermənistanla yaxınlaşsa da, Azərbaycanla münasibətləri zədələmək niyyətində deyil. Bugün regionun sabitləşdirici qüvvəsi məhz Azərbaycandır və Azərbaycan eyni zamanda Rusiyanın strateji tərəfdaşıdır”.
Deputat vurğulayıb ki, Ermənistanın atom enerjisinə marağı var:
“Gələcəkdə Metsamor Atom-Elektrik Stansiyasının taleyi ilə bağlı Rusiya mühüm qərarlar qəbul etməlidir. Ermənistan-Rusiya yaxınlaşması əsasən təhlükəsizlik məsələləri və 2026-cı ildə keçiriləcək seçkilərlə bağlıdır.
Bu isə Azərbaycanın mövqelərini daha da gücləndirir və Ermənistanın müstəqil qərar qəbul etmək imkanlarının məhdud olduğunu açıq şəkildə göstərir. Ermənistanın daxili və xarici siyasəti bu gün müstəqil deyil; onun siyasəti Rusiya, Fransa və digər qüvvələrin təsiri altında formalaşır.Bir daha vurğulamaq lazımdır ki, Rusiya-Ermənistan yaxınlaşması Azərbaycanın mövqelərinə ciddi təsir göstərə bilməz. Əksinə, balanslı siyasət, güclü tərəfdaşlar və regionda əsas oyunçu kimi Azərbaycan rolunu qorumaqda davam edəcəkdir”.
Parlamentari diqqətə çatdırıb ki, Azərbaycan müstəqil daxili və xarici siyasətini qətiyyətlə yürüdür. Bizim əsas prinsipimiz suverenliyimiz, ərazi bütövlüyümüz və hər bir vətəndaşımızın rifahıdır.
Ariz Həsənoğlu
Yeniera.az

