“Gürcüstanda və Azərbaycanda baş verən proseslər Cənubi Qafqaza təsir etmək gücündədir”.
Bu sözləri Yeniera.az-a açıqlamasında “Cross Media” Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstanda Qərb hakimiyyətini devirərək, öz ideyalarını təbliğ edən qrupu hakimiyyətə gətirmək istəyir:

“Bu baxımdan Gürcüstanda hakimiyyət uğrunda qarşıdurmalar var. Nəticələrdən narazı müxalifət iqtidara qarşı aksiyalar keçirir. Fikrimcə, Gürcüstan hadisələri dövlətin maraqlarını tələb edən istiqamətdə və dövlətçiliyə ciddi təhlükələr yaratmadan yekunlaşacaq.
Gürcü xalqı sıradan bir xalq deyil, onların da demokratik ənənələri kifayət qədər formalaşıb, Gürcüstan dövləti və xalqı doğru seçim edə biləcəklər. Bu günə açıqlanan məlumata görə, Gürcüstanda əsas üstünlük hakim partiyanın nümayəndələrindədir, MSK da bu nəticələri təsdiqləməkdədir. Bu baxımdan Gürcüstanda hakim partiyanın qalib gəldiyini söyləmək mümkündür Təbii ki, qarşı tərəf bununla razılaşmır və etiraz aksiyaları ilə bunu bildirirlər”.
Ekspertin fikrincə, Gürcüstanda stabillik uzun müddət pozularsa, bu, Cənubi Qafqaza mənfi təsir edə bilər:
“Ona görə də Gürcüstan belə məsələləri tək həll etməyə çalışmamalı, eyni zamanda, Azərbaycandan da müəyyən mənada dəstək almalıdır. Çünki Cənubi Qafazda söz sahibi olan birinci ölkə məhz Azərbaycandır. Buradakı stabillik, sabitlik, dövlətlərin inkişafı və digər məsələlər həm də Azərbaycanın marağındadır. Belə ki, Gürcüstanda stabillik pozulacaqsa, bunun Cənubi Qafqaza sirayət etməməməsinə çalışmaq lazımdır”.
Yeganə Vəliyeva

