“Dünyada baş verən müharibə və münaqişələr yürüdülən siyasətə daha düşünülmüş, uzaqgörən yanaşma tələb edir”.
Bu fikirləri Yeniera.az-a Milli Məclisin deputatı Azər Badamov Prezidentin Zəfər Paradındakı çıxışına münasibət bildirərkən deyib.
O bildirib ki, bunun əsas səbəbi bir yandan beynəlxalq təşkilatların öz məqsəd və vəzifələrindən uzaq düşməsi, digər yandan gücün beynəlxalq hüququn norma və prinsiplərini üstələməsidir. Bu reallığı zamanında dərk edən aktorlar isə proseslərə bir addım öncədən qoşulurlar.
Deputat əlavə edib ki, Azərbaycan Prezidenti illər ərzində Azərbaycan Ordusunun arsenalını gücləndirmək istiqamətində ardıcıl addımlar atıb:

“Bu, güclü maliyyə resursu tələb edirdi ki, bunun öhdəsindən güclü iqtisadiyyat qurmaqla gəldik. Eyni zamanda, müasir silah-sursatla təmin olunmaq üçün bağlanılan müqavilələr düşünülmüş strategiya və uzaqgörən diplomatiya tələb olunurdu. Ordumuzun müasirləşdirilməsi kompleks yanaşmanın nəticəsidir. Şəxsi heyətin yüksək əhval-ruhiyyəsi və ideoloji tərbiyəsi də burada vacib rol oynadı. Qarabağı görməyən gəncliyin azadlığı bunun bariz nümunəsidir”.
Azər Badamov qeyd edib ki, Azərbaycanda müdafiə xərclərinə xüsusi diqqət göstərilir:
“Cənab Prezidentin göstərişinə əsasən, 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırıldı. Bu, ordunun gücləndirilməsinə verilən prioritetin konkret göstəricisidir”.
Parlamentari həmçinin İlham Əliyevin çıxışındakı sözləri xatırladıb:
“‘Zəfəri qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir”. İndiki regional və beynəlxalq reallıqlar bunu daha da aktuallaşdırır hər bir addım və qərar yalnız regional yox, beynəlxalq rakursda da diqqətlə dəyərləndirilməlidir. Milli təhlükəsizliyə kompleks yanaşma zəruridir, sərt güc elementləri ilə yanaşı yumşaq güc vasitələri də nəzərə alınmalıdır və Azərbaycan dövləti məhz bu prinsiplə hərəkət edir”.
Deputat vurğulayıb ki, ordunun Türkiyə modeli üzərində qurulması strateji əhəmiyyət daşıyır:
“Bu, həm Türkiyənin müdafiə sənayesinin qabaqcıl texnologiyalarından yararlanmağa, həm də yeni əməkdaşlıqlara yol açır. 2024-cü ildə Türkiyənin müdafiə və aerokosmik ixracatı 7,2 milyard ABŞ dolları olub. Belə bir tərəfdaşı ilə daha sıx inteqrasiya ölkəmiz üçün strateji üstünlükdür”.
Azər Badamov sonda bildirib ki, ordunun gücləndirilməsi heç də kəskin rəqabətin mərkəzində yer almaq məqsədilə həyata keçirilmir:
“Bizim məqsədimiz sülhün silah gücünə əldə olunmamasını təmin etməkdir”.
Ariz Həsənoğlu

