Xalq artisti Kamran Quliyevin səhhətində narahatlıq yarandığı üçün xəstəxanaya yerləşdirilib.
Sfera.az bildirir ki, bu barədə “Yeni Sabah”a jurnalist Səməd Canbaxşıyev məlumat verib.
O bildirib ki, Xalq artistinin sənət yoldaşları onu ziyarət ediblər:
“Xalq artistləri: Yasəmən. Ramazanova, Prezident təqaüdçüsü Rövşən Hüseynov, deputat Rza Xudiyev və Azərbaycan Respublikasının Əməkdar artisti, peşəkar musiqiçi Elman Əliyev və mən bu gün Kamran müəllimi ziyarət elədik. Kamran müəllimin Naxçıvan Teatrına etdiyi xidmətləri əvəzsizdir. Aktyor, rejissor. Baş rejissor, direktor kimi onun xidmətləri hamıya yaxşı məlumdur. Təəssüf ki, 2013-cü ildə qərəzli şəkildə tutduğu vəzifədən azad edildi. Amma heç kimə şikayət etmədi, əksinə teatrla əlaqəni kəsmədi. İşdən çıxarılandan sonra teatra aldığı dəvətlərdə quruluş verdiyi tamaşalar uzun müddət repertuarda qaldı. Kamran müəllim Rövşən Hüseynov, Yasəmən Ramazanova kimi Naxçıvan Dövlət Milli Dram Teatrının tarixində öz məktəbini, dəsti-xəttini yaradan sənətkardır. Allah can sağlığı versin. Naxçıvan teatrı bu cür sənətkarlarımızın qoyduğu yolun davamı kimi bu gün öz möhtəşəm tarixini yaradır”, – deyə jurnalist əlavə edib.
Qeyd edək ki, Xalq artisti, “Tərəqqi” medalı ilə təltif edilən Kamran Quliyev hazırda Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərir. O, uzun müddət Naxçıvan Teatrında çalışıb.


