Son illər Milli Məclisin fəaliyyəti ilə bağlı ictimai müzakirələrdə ən çox diqqət çəkən məsələlərdən biri bəzi deputatların passiv fəaliyyəti ilə bağlı iddialardır. Sosial şəbəkələrdə və ictimai platformalarda tez-tez plenar iclaslarda çıxış etməyən, seçicilərlə görüşləri görünməyən və qanunvericilik təşəbbüslərində fəallığı hiss olunmayan deputatlarla bağlı tənqidlər səsləndirilir. Bir çox vətəndaş hesab edir ki, deputat yalnız mandat daşımaqla deyil, həm də parlamentdə aktiv iştirakı, seçicilərin problemlərini gündəmə gətirməsi və ictimai məsuliyyət nümayiş etdirməsi ilə seçilməlidir.
Müzakirələr zamanı xüsusilə belə bir sual ön plana çıxır: əgər deputat parlament iclaslarında görünmür, seçicilərlə işləmir və ictimai fəallıq nümayiş etdirmirsə, onun mandatı ləğv edilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, deputatın fəaliyyətini hansı meyarlarla qiymətləndirməyin mümkün olduğu aydın deyil:
Novella Cəfəroğlu: “LGBT nümayənlərinin haqlarını tapdalamayaq, amma onları gələcəkdə nələrin gözlədiyini də deyək” Pravda.az
“Mandatın ləğv edilmə mexanizmini bilmirəm. Hansı kriteriyalarla onların işini ölçə bilərik? Ola bilsin ki, komissiyalarda işləyirlər, qanunların təkmilləşdirilməsində fəaldırlar. Seçiciləri təmsil etmədiklərini də biz yox, seçicilər deyə bilər. Bunun üçün parlament seçkiləri keçirilir.
Deputatların toxunulmazlıq hüququ var və mandat yalnız qanunla müəyyən olunan ciddi hallarda ləğv ediləcək.
Əgər kriminal işlərdə onların günahı varsa – dövlətə xəyanət, korrupsiya kimi hallarda – qanun qarşısında cavab verməli və mandatları əllərindən alına bilər”.
Novella Cəfəroğlu dövlət qurumlarında çalışan bütün məmurların da vətəndaşlara ideal xidmət göstərmədiyini vurğulayıb:
“Guya dövlət strukturlarında oturan məmurların hamısı xalqa qulluq edir? Vətəndaşların ərizə və şikayətlərinə baxılırmı?Cənab Prezident də çıxışlarında bu məsələləri dəfələrlə səsləndirib. Amma bunu anlayan bir-iki məmur olur. Onları necə cəzalandıraq?”
Hüquq müdafiəçisi seçicilərin rolunun daha vacib olduğunu deyib. Onun sözlərinə görə, vətəndaşlar fəaliyyətsiz hesab etdikləri deputatları növbəti seçkilərdə dəstəkləməməlidirlər:
“Deputatın işindən narazı olan seçicilər növbəti seçkidə ona səs verməsin, boykot etsin. Amma mən seçiciləri ilə yaxından işləyən, rayonlarda görüşlər keçirən, insanların problemlərini həll edən deputatları da tanıyıram. Ağıllı təkliflər verən, qanunlarla işləyən insanlar da var”.

