Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri pilləli şəkildə istifadədən çıxarılacaq. Təşəbbüs “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” çərçivəsində reallaşdırılacaq.
Strategiyaya əsasən, 2035-ci ilədək ekoloji standartlara cavab verməyən ənənəvi avtomobil parkının ilkin mərhələdə yenilənməsi planlaşdırılır. Bu dövrdə xüsusi təşviq proqramları sayəsində sərnişin daşımalarında elektromobillərin payı əhəmiyyətli dərəcədə artırılacaq.
2060-cı ilə qədər olan hədəf isə ölkədəki bütün sərnişin avtomobillərinin tam şəkildə elektrik və digər alternativ enerji mənbələrinə keçməsini təmin etməkdir. Daxili yanma mühərrikli nəqliyyat vasitələrinin istifadədən tam çıxarılması dövlətin dəstəklədiyi stimullaşdırıcı tədbirlərlə paralel aparılacaq.
Qərar təkcə avtobuslara deyil, həm şəxsi minik maşınlarına, həm deyilən kateqoriyaya aid olan bütün sərnişin avtomobillərinə şamil edilir.
Yəni ölkədə ekologiyanı qorumaq məqsədilə benzillə işləyən avtomobillərdən mərhələli şəkildə imtina ediləcək və tam olaraq elektrikli nəqliyyat vasitələrinə keçid təmin olunacaq.

