Abemasiclib (Verzenio) adlı dərman erkən mərhələli, yüksək riskli döş xərçəngi xəstələrində sağ qalma müddətini əhəmiyyətli dərəcədə artırır və xəstəliyin təkrarlanma ehtimalını azaldır.
Yeniera.az bu barədə ABŞ-nin Lilly Oncology əczaçılıq şirkətinin təqdim etdiyi məlumatlara istinadən xəbər verir.
Məlumata görə, aparılan klinik tədqiqatlara 5637 xəstə cəlb olunub. Verzenio və hormon terapiyasının birlikdə tətbiqi, təkcə hormon terapiyası ilə müalicə olunan xəstələrlə müqayisədə daha yüksək sağ qalma göstəriciləri ortaya qoyub. Nəticələrin elmi konqreslərdə təqdim ediləcəyi bildirilir.
Verzenio dərmanı ilk dəfə 2017-ci ildə ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən inkişaf etmiş və ya metastatik HR+ və HER2-mənfi döş xərçəngi üçün təsdiqlənib. 2023-cü ildə isə erkən mərhələli, yüksək riskli hallarda da istifadəsinə icazə verilib.
Qeyd edək ki, Verzenio 2024-cü ildə Lilly şirkətinin 5,3 milyard dollar dəyərində satış həcmi ilə ən əhəmiyyətli xərçəng müalicə vasitələrindən birinə çevrilib.
Gülnar Həmidova

