Son günlər Milli Məclisdə müzakirə olunan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində torpaq konsolidasiyası məsələsi ictimai diqqətin mərkəzinə çevrilib. Xüsusilə kənd təsərrüfatı torpaqlarının birləşdirilməsi və vahid təsərrüfatların yaradılması ilə bağlı açıqlamalar əhali arasında müxtəlif suallar və narahatlıqlar doğurub. İnsanları ən çox düşündürən məqam isə bu prosesin onların mülkiyyət hüquqlarına necə təsir edəcəyi, pay torpaqlarının əlindən alınıb-alınmayacağı və ya birləşdirmə zamanı sahiblik hüququnun nə dərəcədə qorunacağıdır. Rəsmilər səmərəli istifadə və məhsuldarlığın artırılmasını əsas məqsəd kimi göstərsələr də, cəmiyyət bu islahatların praktikada necə tətbiq olunacağını və torpaq sahiblərinin hüquqlarının real şəkildə təmin olunub-olunmayacağını diqqətlə izləyir.
Bəs pay torpaqları necə birləşdiriləcək? Torpaqların birləşdirilməsi prosesində kəndlilərin pay torpaqları üzərində mülkiyyət hüququ qorunacaqmı? Yoxsa pay torpaqları əhalidən alınacaq?
Redaktor.az məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanladı.
Nazirlikdən bildirildi ki, torpaq konsolidasiyası ilə bağlı məsələlər kifayət qədər həssas mövzudur:
“Bu səbəbdən vurğulamaq lazımdır ki, burada söhbət torpaqların hər hansı formada bir şəxsdən alınaraq digərinə verilməsindən, yaxud mülkiyyət hüququnun məhdudlaşdırılmasından getmir. Konsolidasiya ilə torpaqların birləşdirilməsi anlayışları eyni məna daşımır.
Məsələn, bir fermerin kəndin müxtəlif hissələrində yerləşən dörd ayrı torpaq sahəsi var və hər biri yarım hektardır. Digər fermerin də kəndin müxtəlif ərazilərində yerləşən bir neçə kiçik torpaq sahəsi mövcuddur. Belə vəziyyətdə torpaq mülkiyyətçiləri qarşılıqlı razılıq əsasında öz sahələrinin yerini dəyişərək torpaqlarını daha kompakt formada bir ərazidə cəmləşdirə bilərlər. Nəticədə hər iki tərəfin ümumi torpaq sahəsi dəyişmir, sadəcə torpaqlar daha səmərəli istifadə oluna biləcək şəkildə yerləşdirilir.
Bu, kənd təsərrüfatı fəaliyyətinin təşkili baxımından mühüm üstünlüklər yaradır. Fermer traktoru bir sahədən digərinə, kəndin müxtəlif istiqamətlərinə daşımaq məcburiyyətində qalmır, becərmə işlərini, suvarmanı və digər aqrotexniki tədbirləri daha rahat həyata keçirə bilir. Məqsəd məhz torpaq sahələrinin parçalanmasının yaratdığı çətinlikləri aradan qaldırmaq və məhsuldarlığı artırmaqdır”.
Kənd Təsərrüfatı Nazirliyindən həmçinin bildirildi ki, konsolidasiya prosesində dövlət də müəyyən dəstək mexanizmləri təqdim edə bilər:
“Buraya suvarma infrastrukturunun qurulması, ərazilərin planlaşdırılması, parselləşmənin təşkili və digər texniki məsələlər aid ola bilər. Lakin bütün hallarda əsas prinsip könüllülükdür. Torpaq sahələrinin yerdəyişməsi və ya yenidən təşkili yalnız mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında mümkündür.
Bu baxımdan, pay torpaqlarının kimdənsə alınması və ya mülkiyyət hüquqlarının pozulması ilə bağlı narahatlıqların heç bir əsası yoxdur. Belə yanaşma nə qanunvericiliyə, nə də konstitusion prinsiplərə uyğundur. Konsolidasiya torpaqların əl dəyişdirilməsi deyil, torpaq mülkiyyətçilərinin razılığı əsasında onların daha səmərəli istifadəsini təmin edən mexanizmdir”.

