Əgər, qarşıdakı aylarda siyasi-diplomatik kanallar nəticə verməsə, ABŞ və Qərbin Rusiyaya qarşı hərbi və iqtisadi təzyiqləri daha da sərtləşə bilər… Əksinə, ABŞ-ın yeni vasitəçilik cəhdi uğurlu olarsa, hazırda sürətlə dərinləşən hərbi qarşıdurmanın müəyyən mərhələdə “danışıqlar masası”na keçmə ehtimalı da istisna deyil…

Rusiya-Ukrayna müharibəsinə paralel olaraq, Qərb və Rusiya arasındakı qarşıdurma da artıq yeni mərhələyə daxil olur. Avropa Birliyi daxilində Rusiyaya qarşı siyasi-iqtisadi təzyiqlərin artırılması ilə bağlı müzakirələr davam edir. Eyni zamanda, NATO da hərbi təhlükəsizliyin yeni texnoloji modelini formalaşdırmağa çalışır. Yəni, Qərbin strategiyası artıq yalnız mövcud müharibəyə reaksiya verməklə məhdudlaşmır. Və Rusiyanın gələcək mümkün eskalasiya cəhdlərinə qabaqcadan hazırlaşmağa hesablanmış daha genişmiqyaslı təhlükəsizlik sisteminin qurulmasına çalışır.

Bu baxımdan, Almaniya kansleri Fridrix Mertzin Rusiyaya qarşı Avropa Birliyinin ümumi tədbirlərindən əlavə yeni milli sanksiyalar elan edə biləcəyi barədə məlumatlar xüsusilə diqqət çəkir. Əgər, rəsmi Berlin həqiqətən də belə bir qərar qəbul edərsə, bu, Almaniyanın Rusiya ilə münasibətlərdə daha sərt xəttə keçməsi anlamı daşıyacaq. Almaniya Avropanın ən böyük iqtisadi gücü olmaqla yanaşı, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların effektivliyinin təmin edilməsində də önəmli rol oynayır.

Təbii ki, Almaniyanın milli səviyyədə əlavə sanksiyalara əl atması digər Avropa ölkələrinə də analoji addımlar üçün siyasi stimul yarada bilər. Ancaq Avropanın Rusiyaya qarşı vahid mövqeyi məsələsində ciddi fikir ayrılıqları hələ də qalmaqdadır. Və bunun ən önəmli örnəklərindən biri də “dondurulmuş” Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadə olunması ilə bağlı məsələdir.

Belə ki, Belçikanın bu məsələ ilə bağlı mövqeyinin dəyişməyəcəyini bildirib, Rusiyanın “dondurulmuş aktivlər”inin Ukraynaya verilməsinin müzakirə predmeti olmadığını və “qapının bağlı” olduğunu bəyan edib. Belçika Baltikyanı ölkələri dəfələrlə eyni məsələyə qayıtmamağa və bu mövzuda təzyiq göstərməməyə çağırıb. Və Belçikanın bu mövqeyinin arxasında isə əsasən maliyyə-iqtisadi, eləcə də hüquqi risklərlə bağlı narahatlıq dayanır.

Məsələ ondadır ki, Avropada “dondurulmuş” Rusiya aktivlərinin böyük bir hissəsi məhz Belçikada yerləşən maliyyə infrastrukturu ilə əlaqəlidir. Ona görə də, rəsmi Brüssel həmin aktivlərin müsadirə edilərək, Ukraynaya ötürülməsinin gələcəkdə beynəlxalq hüquqi iddialara və maliyyə sisteminə etimadın zəifləməsinə səbəb ola biləcəyindən ehtiyat edir. Bununla belə, İsveç, Polşa, Niderland və İspaniya kimi ölkələr Avropa Komissiyasını təxminən 210 milyard avro həcmində “dondurulmuş” Rusiya aktivlərindən Ukraynanın maraqları üçün istifadə imkanlarını yenidən araşdırmağa çağırır.

Əslində, burada Avropa ölkələri qarşısında strateji dilemma dayanır. Belə ki, bir tərəfdən, Ukraynaya daha çox maliyyə dəstəyi lazımdır. Digər tərəfdən isə Rusiyanın “dondurulmuş dövlət aktivləri”nin müsadirəsi Avropa məkanının maliyyə sisteminə mümkün təsirləri ciddi narahatlıq doğurur. Və ona görə də, Avropa Birliyi daxilində bu məsələnin yaxın perspektivdə ən mübahisəli mövzulardan biri olaraq, qala biləcəyi qətiyyən istisna edilmir.

Bütün bunlara paralel olaraq, Rusiya və Ukrayna arasındakı hərbi qarşıdurmanın daha bir istiqaməti kosmik və peyk texnologiyalarına doğru yönəltməyə başlayıb. Belə ki, rəsmi Kiyev Rusiyanın “Rassvet” peyk-internet sisteminin əhatə dairəsindən Ukrayna ərazisinin çıxarılmasını israrla tələb edir. Ukraynanın əsas narahatlığı bu sistemin gələcəkdə Rusiya ordusunun rabitə və pilotsuz uçuş aparatlarının idarə edilməsində istifadə ehtimalı ilə bağlıdır. Çünki bəzi məlumatlara görə, Rusiya “Rassvet” sistemini sürətlə genişləndirməyi və 2027-ci ildə peyklərin sayını 292-yə çatdırmağı planlaşdırır.

Təbii ki, bu, Ukrayna müharibəsinin texnoloji xarakterinin necə dəyişdiyini göstərən önəmli örnəkdir. Əgər, əvvəlki mərhələlərdə əsas diqqət tanklar, artilleriya, raketlər və hava hücumundan müdafiə sistemlərinə yönəlirdisə, indi peyk rabitəsi, süni intellekt, pilotsuz sistemlər və məlumat mübadiləsi döyüş meydanının əsas komponentlərinə çevrilir. Ona görə də, Ukrayna Rusiyanın döyüş meydanında rabitə və pilotsuz sistemlər sahəsində əlavə üstünlük əldə etməsinin qarşısının alınmasına çalışır.

Bu baxımdan, Polşanın baş naziri Donald Tuskun Rusiyanın növbəti eskalasiyaya hazırlaşdığı barədə xəbərdarlığı isə böyük maraq doğurur. Çünki bu, Avropa qitəsinin şərq cinahında təhlükəsizlik narahatlığının nə qədər yüksək olduğunu ortaya çıxarır. Polşanın baş naziri qarşıdakı altı ayın regionun təhlükəsizliyi baxımından, həlledici dövr olacağını iddia edib. Onun fikrincə, NATO və alyansın ayrı-ayrı üzvləri Rusiyanın mümkün təxribatların qətiyyən ı istisna edə bilməzlər. Rəsmi Varşava uzun müddətdir ki, Rusiyanın hərbi planlarının yalnız Ukrayna cəbhəsi ilə məhdudlaşmadığını və Kremlin Avropanın şərq sərhədlərini də hədəfə ala biləcəyini düşünür.

Ona görə də, Polşanın baş naziri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə çağırır. Çünki rəsmi Kiyevin hava məkanını qorumaq qabiliyyəti artıq yalnız Ukraynanın təhlükəsizliyi məsələsi kimi qəbul edilmir. Yəni, Ukraynanın hava hücumundan müdafiə imkanlarının artırılması Avropa qitəsinin şərq cinahının ümumi müdafiə strategiyasının tərkib hissəsinə çevrilir.

Digər tərəfdən, NATO-nun yeni hərbi strategiyası isə qarşıdakı təhlükələrin yalnız ənənəvi silahlarla qarşılanmayacağını göstərir. Belə ki, “Politico”nun məlumatına görə, alyans minlərlə pilotsuz aparat, sensor və süni intellekt dəstəyi ilə işləyən peykləri vahid rəqəmsal şəbəkədə birləşdirməyi planlaşdırır. Bu sistemin əsas funksiyası Rusiyanın mümkün hücum və təxribatlarını daha erkən aşkar etmək və NATO-nun şərq sərhədindəki vəziyyət barədə real vaxt rejimində məlumat toplamaqdır.

Bu, NATO-nun hərbi strategiyasında fundamental dəyişiklik deməkdir. Yəni, gələcəyin müharibəsində üstünlük yalnız daha çox raket və ya tankların sayına malik olmaqla, müəyyənləşməyəcək. Əksinə, kimin daha tez məlumat toplaması, təhlükəni daha tez müəyyənləşdirməsi və əldə edilən informasiyanı daha sürətli şəkildə qərara çevirməsi həlledici olacaq. Bu baxımdan, NATO faktiki olaraq, yeni “rəqəmsal qalxan” formalaşdırmağa çalışır. Və bu qalxanın əsas funksiyası mümkün hücumun qarşısını yalnız fiziki güclə almaq deyil, həm də təhlükəni hələ başlanğıc mərhələsində aşkar etməkdir.

Ancaq bütün bu sərtləşən hərbi-siyasi qarşıdurmanın digər tərəfində isə ABŞ-ın siyasi-diplomatik kanalları canlandırmaq cəhdləri müşahidə olunur. Belə ki, “Axios”un məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff gözlənilmədən Rusiyaya səfər edib. Bu səfərdə əsas məqsədin Rusiya xüsusi xidmət orqanlarının prezident Vladimir Putini Ukrayna ilə danışıqları bərpa etməyə razı sala bilib-bilməyəcəyini müəyyənləşdirmək olduğu vurğulanır. Və onun Moskvada Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla görüşdüyü bildirilir.

ABŞ rəsmiləri isə daha sonra Ukrayna prezidenti Volodimir Zelenskini Moskvadakı danışıqlar barədə məlumatlandırıblar. Con Retkliffin üçtərəfli ABŞ-Rusiya-Ukrayna sammitinin keçirilməsi ideyasını da gündəmə gətirdiyi bildirilir. Bu formatın əsas xüsusiyyəti ondan ibarətdir ki, danışıqlar yalnız ABŞ və Rusiya arasında deyil, Ukraynanın birbaşa iştirakı ilə aparıla bilər. Bu məlumatlar təsdiqlənərsə, Ağ Evin paralel strategiya həyata keçirməyə çalışdığı görünür. Yəni, bir tərəfdən, Avropanın hərbi və iqtisadi təzyiq imkanları gücləndirilir. Digər tərəfdən isə Rusiya ilə siyasi-diplomatik kanalların tamamilə bağlanmasına imkan verilmir.

Bəzi iddialara görə, hazırda ABŞ ilk növbədə prezident Vladimir Putinin danışıqlar masasına hansı şərtlərlə qayıda biləcəyini müəyyənləşdirməyə çalışır. Bu baxımdan, hazırda Rusiya-Ukrayna müharibəsi ətrafında iki paralel proses müşahidə olunur. Birinci xətt üzrə Almaniya yeni sanksiyalar hazırlayır, Avropa Birliyi daxilində Rusiyanın “dondurulmuş aktivlər”indən istifadə məsələsi yenidən gündəmə gəlir. Polşa Rusiyanın növbəti eskalasiya ehtimalı barədə xəbərdarlıq edir, NATO isə şərq cinahında pilotsuz sistemlər və süni intellekt üzərində qurulan yeni müdafiə infrastrukturu yaradır.

İkinci xətt üzrə isə ABŞ Rusiya ilə təmasları qorumağa və Putin-Zelenski-Tramp formatında mümkün üçtərəfli sammit üçün zəmin yaratmağa çalışır. Bu iki proses bir-birinə zidd görünsə də, əslində, eyni strategiyanın tərkib hissəsi də hesab oluna bilər. Belə ki, Qərb bir tərəfdən, Rusiyanın hərbi və iqtisadi imkanlarını mümkün qədər məhdudlaşdırmağa cəhd edir. Digər tərəfdən isə mümkün danışıqların baş tutması üçün öz mövqeyini gücləndirməyə də çalışır.

Ona görə də, əgər, qarşıdakı aylarda siyasi-diplomatik kanallar nəticə verməsə, ABŞ və Qərbin hərbi və iqtisadi təzyiqləri daha da sərtləşə bilər. Əksinə, ABŞ-ın yeni vasitəçilik cəhdi nəticə versə, onda hazırda sürətlə dərinləşən hərbi qarşıdurmanın müəyyən mərhələdə danışıqlar masasına keçmə ehtimalı mümkündür. Bu baxımdan, Qərb Rusiyaya qarşı həm “təzyiq”, həm də “danışıq” strategiyasını eyni vaxtda həyata keçirməyə çalışır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Exit mobile version