Efiopiyanın Tiqray əyalətinin şimal-qərbində həyata keçirilən hava zərbələri nəticəsində azı 17 nəfər həlak olub.
Yeniera.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, bazar ertəsinə keçən gecə Adva şəhərinə endirilən zərbələr nəticəsində azı 9 nəfər, Şeraro şəhərində isə 8 nəfər həyatını itirib. Hava zərbələrinin hansı tərəf tərəfindən həyata keçirildiyi qeyd olunmayıb.
Bazar ertəsi səhər saatlarında Efiopiya hökumət qüvvələri ilə Tiqray Xalq Azadlıq Cəbhəsinin (TXAC) silahlı qüvvələri May-Tsebri şəhəri yaxınlığında, Təkəzə çayı ərazisində qarşılıqlı artilleriya atəşinə də başlayıblar.
Efiopiyanın Baş nazirinin ofisi, ölkənin silahlı qüvvələri və TXAC hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, sentyabrın 23-də Efiopiya hökumət qüvvələri ilə üsyançılar arasında yenidən başlayan toqquşmalar 2020-2022-ci illərdəki vətəndaş müharibəsinin başa çatmasından sonra bölgədə ən ciddi eskalasiya hesab olunur./axar

