1 aprel tarixində İstanbulun aparıcı sənət məkanlarından biri olan Atatürk Kültür Mərkəzində
(AKM) Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik
yaradıcılığına həsr olunmuş möhtəşəm konsert keçirilib.
Konsert bəstəkarın müəllifi olduğu “Simfonik qravürlər” layihəsi çərçivəsində baş tutub. Layihə
müxtəlif illərdə ərsəyə gəlmiş əsərlərin vahid bədii konsepsiya əsasında təqdim olunduğu xüsusi
musiqi silsiləsidir. Qravürlər kimi, hər bir əsər ayrıca bir obraz və emosiyanı ifadə edir, birlikdə
isə bütöv və zəngin musiqi mənzərəsi yaradır.
Layihənin əsas xüsusiyyətlərindən biri proqramın hər təqdimatda yenilənməsidir. İstanbul
konsertində bu silsilə çərçivəsində 14 əsər səsləndirilib və proqram bəstəkarın yaradıcılığının
müxtəlif mərhələlərini əhatə edib.
“Simfonik qravürlər” layihəsi daha əvvəl Bakı, Budapeşt və Roma şəhərlərində uğurla təqdim
olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanıb.
Konsertdə simfonik əsərləri İstanbul Dövlət Opera və Balet Orkestri səsləndirib. Orkestri
Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov idarə
edib.
Gecədə dünya şöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner, eləcə də Türkiyənin ən məşhur
və sevilən sənətçilərindən biri Levent Yüksel çıxış ediblər.
Konsertin ən yaddaqalan məqamlarından biri bəstəkarın dünya miqyasında tanınan əsəri
“Bayatılar”ın səsləndirilməsi olub. Türkiyədə “Zalim” adı ilə məşhurlaşan bu əsər Levent
Yükselin ifasında səslənərək gecənin kulminasiyasına çevrilib və tamaşaçılar tərəfindən böyük
coşqu ilə qarşılanaraq uzun sürən alqışlara səbəb olub. Konsertin sonunda Eldar Mansurov
səhnəyə çıxaraq tədbirə qatılan tamaşaçılara səmimi təşəkkürünü bildirib.
Eldar Mansurovun musiqisi, milli intonasiyalarla simfonik musiqinin vəhdəti, İstanbul
tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb. Konsert boyu zalda yüksək emosional ab-hava
hökm sürüb, proqramın sonunda isə tamaşaçılar ifaçıları uzun sürən alqışlarla yenidən səhnəyə
dəvət ediblər.
İstanbulda keçirilən bu konsert Eldar Mansurovun yaradıcılığına beynəlxalq marağın növbəti
təsdiqi olmaqla yanaşı, Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da
möhkəmlənməsinə xidmət edən əlamətdar hadisə kimi yadda qalıb.


