“İki gün öncə “Kaddeh Bulvar” restoranına getmişdik, sifarişimizi verdik: 3 dəmir bankalı kola, bir pomidor-albalı, bir də sezar salatı, iki pors kartof qızartması (free), iki pors da toyuq qızartması (nagits).

Müğənni son ifasını səsləndirdikdən sonra sağollaşıb getdi. Allah! DJ bu restoran işçilərinin canına sanki vəlvələ saldı. Aparatlarının yüksək səsindən ağız deyəni qulaq eşitmirdi”.

Yeniera.az xəbər verir ki, bu fikirləri jurnalist Könül Aypara şəxsi facebook hesabında yazıb.

O bildirib ki, illərdir adıçəkilən restorana gedir və ilk dəfə hesaba baxaraq təəccüblənib:

“İllərdir “Kaddeh bulvar”ın müştərilərindənəm və sözün düzü, həyatımda ilk dəfə idi ki, hesaba nəzər salırdım. Sanki dalağım sancmışdı…
Bəli, hesab gəldi – 150 azn.
Xatırladım ki, öncədən 50 azn “beh” atılmışdı – kartdan karta “sistemi” ilə. Bu, bir qanunsuzluq!
İkincisi, hesaba yemədiyimiz salat yazılmışdı. Biz toyuq naqetsi yediyimiz halda, hesaba vuruldu naqets salatı (hərəsi 20 azn).

O qeyd edib ki, sifariş etmədiyi yeməyə görə əlavə ödənişlə qarşılaşıb:

“Bunun səbəbini soruşduqda, ofisiant qulağıma qışqıra-qışqıra dedi ki, biz naqets vermirik! Şoka düşdüm ki, bəs yediyimiz nə idi? Deyir, salat. Təsəvvür edirsiniz? Beş-altı işçi başıma yığılıb üzümə durmağa çalışırlar ki, siz nagets yox, salat yemisiniz (hesaba iki pors nagetsin yerinə, iki salat vurulmuşdu). Hətta aralarında özünü başbilən hesab edən soruşdu ki, indi probleminiz nədir? Dedim, mən göyərti yemişəm, hesaba onu dolmanın içində vurmusunuz, problem budur. Bəli, bu, ikinci qanunsuzluq!
Üçüncü – hesabda “sınmış qab” adı ilə ödənişin göstərilməsi oldu. Biz qab sındırmadığımızı bildirdik. Bizə bunun depozit məbləği ilə bağlı daxili qayda olduğu izah edildi. Gülməlidir, ağlamalıdır, bilmirəm. Digər boşluq isə əlavə 3 dəmir qablı kola ilə dolduruldu. Bir sözlə, bildiyiniz “soxhasox”.

Sonda jurnalist əlavə edib ki, onu ən çox narahat edən səbəblərdən də biri məhz servis haqqı olub:

“Servis haqqı isə ayrı dərd! Yəni həlli yolu tapılmayan bir problemdir ki, ölkə üzrə “özbaşınalıq” kimi qiymətləndirmək yerinə düşərdi. Ən vacibi təqdim olunan kassa çeklərində VÖEN yoxdur! – Ən dəhşətli qanunsuzluq! Şəhərin düz göbəyində, Xəzərin sahilindəki obyekt bildiyiiz vöensiz fəaliyyət göstərirmiş!

Müraciət etdikdən sonra məsələnin araşdırılmasını tələb etdik. “Rəhbərlikdən adam çağırın”, – dedik. Bir-bir ofisiantlar yaxınlaşdırlar, hər biri də səhvlərini etiraf etmək əvəzinə, səs-küydə guya ciddi bir məsələni mənə sübuta yetirməyə çalışdılar. Amma yenə də dedim, rəhbərlikdən kimsə gəlsin. Nəhayət ki, bir türk vətəndaşı yaxınlaşdı (dünən zəng edib yazdığım statusu silməyimi rica edən Hakı bəy), özümü təqdim etdim, problemimi danışdım. Dinlədi, mədəni şəkildə işçilərinə göstərişini verdi və bildirdi ki, müştəri haqlıdır, yeyilməyən yeməklər, artıq yazılanlar hesabdan çıxarılsın. (beləcə, “depozit” söhbəti də öldü).

Baxın, o haylı-küylü yerdə mənim kimi gün ərzində yüzlərlə müştəri gəlib-gedir. Hesabı ödəmə zamanı sanki öncədən hesablanıbmış kimi hay-küy, qaranlıq atmosfer, yüksək mahnı, qışqır-bağır, ağız-deyəni qulağın eşitməməyi… Bütün bunlar belə bir sual yaradır: sıx və gurultulu mühitdə təqdim olunan hesabları müştərilər kifayət qədər diqqətlə yoxlaya bilirlərmi? Hesabların şəffaf və aydın təqdim olunması həm müştərinin, həm də xidmət göstərən obyektin maraqlarına uyğundur.

K.Aypara ümid edir ki, qarşılaşdığı hal araşdırılıb öz həllini tapacaq:

“Ümid edirəm ki, aidiyyəti qurumlar bu kimi halları araşdıracaq və istehlakçı hüquqlarının qorunması istiqamətində zəruri addımlar atılacaq”.

Adıçəkilən restoranın mövqeyini dərc etməyə hazırıq.

YENİERA.az

Exit mobile version