Keçmiş Queen bas gitaristi Barri Mitçell 76 yaşında vəfat edib.
Yeniera.az xəbər verir ki, bu barədə GB News məlumat yayıb.
Mitçell Queen qrupunun tarixində ikinci bas gitarist olub. O, qrupda Con Dikonun heyətə qoşulmasından əvvəl, 1970-ci ilin avqustundan 1971-ci ilin yanvarına qədər çıxış edib. Londonda anadan olan musiqiçi Queen ilə ümumilikdə 13 konsertdə səhnəyə çıxıb.
Mitçell “Liar” və “Son and Daughter” mahnılarının orijinal bas partiyalarının və rifflərinin formalaşmasında da iştirak edib. O, Queen-dən ayrılmasının səbəbi kimi həmin dövrdə qrupun musiqisini bəyənməməsini göstərib.
Musiqiçi daha sonra Jayne Radio qrupunda çıxış edib. O, həmçinin sonradan Tiger qrupuna çevrilən Crushed Butler kollektivinin üzvü olub.
Queen 15 studiya albomu buraxıb və dünya üzrə 100 milyondan çox albom satıb. Qrupun solisti Freddie Mercury 1991-ci ildə vəfat edib, bas gitarist Con Dikon isə sonradan musiqi fəaliyyətini dayandırıb. Buna baxmayaraq, Queen yeni heyətlə çıxışlarını davam etdirir.
Qrupun ən məşhur mahnıları arasında “Bohemian Rhapsody”, “We Are the Champions”, “We Will Rock You”, “The Show Must Go On”, “I Want to Break Free”, “A Kind of Magic” və “Another One Bites the Dust” yer alır.
Queen 2001-ci ildə Rok-n-Roll Şöhrət Zalına daxil edilib. 2002-ci ildə isə qrupun musiqi sahəsindəki nailiyyətləri Hollivud Şöhrət Xiyabanında ulduzla əbədiləşdirilib.///Ajans.az


