Türkiyə kəşfiyyatının ən qapalı və mühüm simalarından biri hesab edilən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 15 il əvvəl həbsxanada baş verən ölümünün sirri yenidən araşdırılır.

Yeniera.az xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğunun tələbi ilə Ümraniyədəki məzarda üç məhkəmə-tibb eksperti, bir kimyaçı və bir otopsiya texnikindən ibarət heyət işləyir. Məzardan sümük, torpaq və digər nümunələr götürülərək həbsxananın kamera görüntüləri, 112 qeydləri və xəstəxana sənədləri ilə birlikdə araşdırılacaq.

İstintaqın diqqət mərkəzində Kozinoğlunun ölümündən əvvəl qəbul etdiyi və ya ona verilmiş ola biləcək preparatlar da var. Xüsusilə onun istədiyi bildirilən “Coraspin” və vitamin preparatları üzrə toksikoloji və kimyəvi araşdırmalar aparılır.

Hadisə zamanı həbsxanada çalışan 11 nəfər barəsində hüquqi prosedur başlanıb. Onlardan 10-u saxlanılıb, bir nəfərin isə FETO üzrə firari kimi xaricdə olduğu müəyyənləşdirilib.

Kaşif Kozinoğlu kim idi

1955-ci ildə Trabzonda doğulan Kaşif Kozinoğlu Türkiyənin xüsusi əməliyyat və kəşfiyyat sisteminin ən təcrübəli kadrlarından biri olub. Quru Qoşunları Hərbi Məktəbini bitirdikdən sonra Xüsusi Müharibə İdarəsi, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığında xidmət edib.

Qrup komandiri, kəşfiyyat zabiti, Kəşfiyyat şöbəsinin müdiri və müxtəlif rəhbər vəzifələrdə çalışan Kozinoğlu 1995-ci ildə ordudan ayrılaraq Milli Kəşfiyyat Təşkilatına (MİT) keçib. Onun fəaliyyətinin mühüm hissəsi Türkiyədən kənarda aparılan kəşfiyyat və xüsusi əməliyyatlarla bağlı olub.

Kozinoğlunun adı Əfqanıstan-Pakistan xətti, Orta Asiya, Bosniya və Azərbaycanla bağlı fəaliyyətlərdə də çəkilib. MİT daxilində xarici əməliyyatlarda böyük təcrübəyə malik kəşfiyyatçılardan biri hesab olunurdu.

Azərbaycan və Naxçıvan xətti

Kozinoğlunun Azərbaycanla əlaqəsi də diqqətçəkəndir. 1991–1992-ci illərdə Azərbaycanda ordu quruculuğu, xüsusilə xüsusi təyinatlı qüvvələrin formalaşdırılması və hərbi qulluqçuların hazırlanması prosesində iştirak edib.

Türkiyə Silahlı Qüvvələri adından Azərbaycana göndərilən xüsusi təyinatlı hərbi heyətin rəhbəri Kozinoğlu, onun müavini isə Levent Göktaş olub. Heyət Azərbaycan hərbçilərinin hazırlanması və yeni silahlı qüvvələrin strukturunun formalaşdırılması istiqamətində çalışıb.

“Kurtlar Vadisi” barədə xüsusi MİT hesabatı

Kozinoğlunun həyatındakı ən maraqlı dosyalardan biri isə Türkiyənin məşhur “Kurtlar Vadisi” serialı ilə bağlıdır.

Bu əlaqə onun 2011-ci ildə ölümündən xeyli əvvəl – 2003–2004-cü illərdə başlayıb.

2004-cü ildə o dövrün MİT rəhbəri Şenkal Atasagunun göstərişi ilə Kaşif Kozinoğlu “Kurtlar Vadisi” barədə xüsusi araşdırma aparıb.

Kozinoğlu araşdırmanın nəticələrini iki səhifəlik və 12 bəndlik xüsusi hesabatda toplayaraq Şenkal Atasaguna təqdim edib.

Hesabatda serialın yaradıcıları ilə Türkiyənin təhlükəsizlik və kəşfiyyat strukturları arasındakı əlaqələr barədə diqqətçəkən məlumatlar yer alıb.

Kozinoğlunun hazırladığı sənəddə “Kurtlar Vadisi”nin ssenaristi Raci Şaşmaz və rejissoru Osman Sınavın serialda dövlət-mafiya-təhlükəsizlik strukturları münasibətləri barədə istifadə etdikləri məlumat və arqumentləri o dövrün Jandarma Kəşfiyyat İdarəsi rəisinin müavini, polkovnik Hasan Atilla Uğurdan aldıqları göstərilirdi.

Kozinoğlu bununla da kifayətlənməmişdi.

Hesabatda konkret telefon əlaqələri də göstərilmişdi. Sənədə görə, Hasan Atilla Uğur 9 oktyabr 2003-cü ildə Jandarma Baş Komandanlığının telefonundan Osman Sınavın mobil telefonuna zəng etmişdi.

Uğura yaxın bir jandarma baş çavuşunun da Raci Şaşmaz və Osman Sınavla müntəzəm əlaqədə olduğu göstərilirdi.

Hesabatda “Kurtlar Vadisi”nin bəzi personaj və hadisələrinin formalaşdırılması ilə bağlı daha bir diqqətçəkən xətt də vardı. Kozinoğlunun sənədində həmin dövrdə həbsdə olan Karagümrük qruplaşmasının rəhbəri Nuri Erginin – “Nuriş”in serialın yaradıcılarına istiqamət verdiyi, hətta bəzi obrazların onun ötürdüyü məlumatlardan formalaşdırıldığı göstərilirdi.

Hər şey sui-qəsd məlumatından başladı

Kozinoğlunun “Kurtlar Vadisi” dosyasına daxil olması təsadüfi deyildi.

2004-cü ildə dövlət strukturlarından birinə mühüm dövlət xadimi və bir valinin öldürüləcəyi barədə imzasız məlumat daxil olmuşdu.

Məsələnin araşdırılması MİT-ə həvalə edilmiş və araşdırmanı aparan şəxslərdən biri Kaşif Kozinoğlu olmuşdu.

Şenkal Atasagun sonradan açıqlamışdı ki, araşdırma nəticəsində həmin məlumatın Alaattin Çakıcı tərəfindən hazırlandığı müəyyənləşdirilmişdi.

Hadisənin “Kurtlar Vadisi” ilə bağlantısı isə xüsusilə maraqlı idi.

Serialda Süleyman Çakır obrazının öldürülməsini Alaattin Çakıcı özünə qarşı Nuri Ergin tərəfinin göndərdiyi mesaj kimi qəbul etmişdi. Bundan sonra dövlət qüvvələrinin Nuri Ergin qruplaşmasına yönəldilməsi məqsədilə sui-qəsd ssenarisi hazırlanmışdı. MİT araşdırması nəticəsində bu xətt üzə çıxarılmışdı.

Beləliklə, Kozinoğlu hələ 2004-cü ildə “Kurtlar Vadisi”nin arxasındakı dövlət, jandarma, mafiya və təhlükəsizlik əlaqələrini araşdıran əsas MİT əməkdaşlarından biri olmuşdu.

7 il sonra serialda “Kaşifoğlu” peyda oldu

Bu hadisələrdən təxminən yeddi il sonra “Kurtlar Vadisi Pusu”da Kazım Kaşifoğlu adlı yüksək səviyyəli kəşfiyyatçı obrazı ortaya çıxdı.

Türkiyə mediasında bu obrazın Kaşif Kozinoğlunu əks etdirdiyi yazıldı.

Hadisələrin tarixləri isə xüsusilə diqqət çəkir.

10 noyabr 2011-ci ildə yayımlanan bölümdə Kazım Kaşifoğlunun öldürülməsi gündəmə gətirildi və obrazla bağlı ölüm mesajları verildi.

Bundan cəmi bir neçə gün sonra real həyatda Kaşif Kozinoğlu Silivri həbsxanasında həyatını itirdi.

Daha sonra serialdakı Kazım Kaşifoğlu da ssenaridən çıxarıldı.

Bu obrazın ölüm səhnəsi də diqqətçəkən idi: Kaşifoğluya zəhərli iynə vurularaq öldürülürdü.

İndi, 15 il sonra real Kozinoğlunun məzarının açılması və onun orqanizminə hansısa preparatın daxil olub-olmadığının toksikoloji üsullarla araşdırılması bu köhnə dosyanı yenidən Türkiyənin gündəminə gətirib.

Ölümündən əvvəl yazdığı sənədlər

Kozinoğlu 10 mart 2011-ci ildə Odatv istintaqı çərçivəsində həbs edilmişdi.

Həbsxanada olduğu müddətdə isə öz işi, MİT daxilində baş verənlər və ona qarşı aparılan proses barədə geniş qeydlər hazırlamışdı.

O, Odatv işi çərçivəsində özünün hədəfə çevrildiyini düşünürdü və müdafiə qeydlərində barəsində istifadə edilən rəqəmsal materiallara etiraz edirdi.

MİT-in 15 mart və 6 aprel 2011-ci il tarixli iki rəsmi məktubunun onun lehinə olduğunu bildirən Kozinoğlu bu sənədlərin ittiham aktında nəzərə alınmadığını yazmışdı.

Kozinoğlu məhkəmədə danışmağa hazırlaşırdı.

Lakin ilk məhkəmə iclasına cəmi günlər qalmış Silivri həbsxanasında öldü.

İndi onun ölümü ilə bağlı dosya yenidən açılıb.

15 il torpaq altında qalan məzardan götürülən nümunələr, həbsxananın kamera görüntüləri, 112 qeydləri, xəstəxana sənədləri və Kozinoğlunun ölümündən əvvəl qəbul etdiyi preparatlar birlikdə araşdırılır.

Musavat.com

Exit mobile version