Tokioda keçiriləcək qeyri-adi yarışmada iştirakçılar 90 dəqiqə ərzində ən keyfiyyətli yuxuya getmək üçün çarpayılara uzanacaqlar.
Yeniera.az xəbər verir ki, ətrafdakı hər cür diqqətdağıdıcı müdaxilələrə baxmayaraq, ən yüksək “yuxu xalı” toplayan iştirakçı 14 min 500 dollar (2 milyon 220 min yen) məbləğində böyük mükafatın sahibi olacaq.
Döşək istehsalçısı olan bir şirkət tərəfindən təşkil edilən “Mattrace by Koala” adlı yarışmada iştirakçıların yuxu göstəriciləri xüsusi ölçü cihazları ilə izləniləcək.
Yuxunun dərinliyi, keyfiyyəti, yuxuya getmə sürəti və sabitliyi kimi meyarlar həkimlərin nəzarəti altında qiymətləndirilərək xüsusi xal hesablanacaq.
Yarışmanın ən diqqətçəkən tərəfi isə iştirakçıların yalnız yatmağa çalışmamasıdır. Tədbirdən öncə “yuxu məşqləri” keçiriləcək və yuxu keyfiyyətinə təsir edən müxtəlif məhsullar təsadüfi qaydada paylanacaq. İştirakçılar yatarkən təşkilatçılar tərəfindən yuxunu pozan gözlənilməz maneələr və müdaxilələr yaradılacaq. Beləliklə, onların maneələrə rəğmən yuxu keyfiyyətini qoruyub saxlamaq bacarığı sınaqdan keçiriləcək.
Ümumilikdə üç mərhələdə təşkil olunacaq tədbirin hər mərhələsində təxminən 20 nəfər mübarizə aparacaq. Ən yüksək xal toplayan əsas mükafatı qazanacaq, həmçinin ən dərin yatan və ən qeyri-adi yuxu pozası alan iştirakçılara da xüsusi mükafatlar veriləcək.
Tədbir 5 oktyabr 2026-cı ildə Tokionun Minato bölgəsində, saat 12.00-20.00 aralığında baş tutacaq. İştirak ödənişsizdir və 20 yaşdan yuxarı şəxslər müraciət edə bilərlər. Qaydalara əsasən, üstünlük əldə etmək məqsədilə qabaqcadan qəsdən yuxusuz qalmaq, eləcə də yuxu dərmanları və oxşar vasitələrdən istifadə etmək qadağandır.
Musavat.com
