“Ukraynadakı münaqişənin tənzimlənməsi üçün həm Kiyev, həm də Moskva güzəştə getməli olacaq”.
Yeniera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Kemp-Deviddə keçirilən Kabinet iclası zamanı bəyan edib.
Ağ Ev rəhbəri bildirib ki, hər iki tərəf sülh sazişində maraqlıdır:
“Düşünürəm ki, Ukrayna Prezidenti Volodimir Zelenski saziş bağlamaq istəyir; eləcə də Rusiya Prezidenti Vladimir Putinin də saziş bağlamaq istədiyini düşünürəm. Heç kim güzəştə getmək istəmir, lakin razılıq əldə olunması üçün onların hər ikisi güzəştə getməli olacaq. Çünki mən əvvəllər Ukraynadakı münaqişənin həllini reallıqda olduğundan daha asan bir proses hesab edirdim”.
Qeyd edək ki, sözügedən açıqlamadan bir neçə saat əvvəl ABŞ dövlət başçısı məsləhətçiləri Cared Kuşner və Stiv Uitkoffun Kiyevə səfər edəcəyini elan edib. Bu, sözügedən heyətin Ukraynaya ilk analoji səfəri olacaq. Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar üçün Ukrayna münaqişəsinin dinc yolla həlli prioritet olaraq qalır və bu səbəbdən Vaşinqton Kiyevə “Patriot” raket komplekslərinin tədarükünün zəruriliyinə şübhə ilə yanaşır.
