Avropanı bürüyən güclü istilər və quraqlıq Ukraynanın ixrac və enerji imkanlarına əlavə problemlər yaradıb.
Yeniera.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri yazıb.
Məlumata görə, quraqlıq nəticəsində Dunay çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi Ukraynanın taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün istifadə etdiyi əsas alternativ marşrutlardan birinin imkanlarını məhdudlaşdırıb.
Dunaydakı rekord aşağı su səviyyəsi çayda gəmiçiliyi çətinləşdirib. Eyni zamanda, isti hava və su çatışmazlığı regionun enerji sektoruna da ciddi təsir göstərib. Rumıniyada elektrik enerjisi istehsalı ilə bağlı problemlər yaranıb. Quraqlıq səbəbindən ölkənin Çernavoda Atom Elektrik Stansiyasının reaktorları dayandırılıb. Stansiya normal şəraitdə Rumıniyanın elektrik enerjisinin təxminən 20 faizini istehsal edir.
Bununla yanaşı, Rusiya Ukraynanın limanlarına və nəqliyyat infrastrukturuna zərbələri gücləndirib. Avqustun 13-də Rusiyanın Ukraynanın Dunay üzərində yerləşən mühüm İzmail limanına hücumu nəticəsində liman infrastrukturu zədələnib və şəhərin bir hissəsində elektrik enerjisi kəsilib. İzmail Ukraynanın taxıl və digər məhsullarının ixracında mühüm rol oynayır.
“Newsweek”in yanaşmasına görə, beləliklə, Moskvanın hərbi zərbələri ilə Avropadakı quraqlığın yaratdığı problemlər eyni vaxtda Ukraynanın alternativ ixrac yollarına təzyiqi artırır.
Musavat.com

