ABŞ və Rusiya arasında hazırlanan 28 bəndlik “Sülh plan”nının Ukraynanın gələcək təhlükəsizliyi üçün risk yarada biləcəyinə dair fikirlər səsləndirilir.
Eyni zamanda Avropa ölkələri planı “əlavə iş tələb olunur” kimi qiymətləndirirlər.
Maraqlıdır, həqiqətən də bu planın Ukrayna üçün riski varmı?
Avropa liderləri plan üzərində hansı dəyişiklikləri istəyir və bu dəyişikliklər razılaşmanı daha ədalətli edə bilərmi?
Sualımızı cavablandıran siyasi şərhçi Zeynal Əmirəliyev Yeniera.az-a açıqlamasında bildirib ki, təklif edilən 28 bəndlik sülh planında Ukraynanın gələcəyi ilə bağlı kifayət qədər mühüm məsələlər var:
“Ukraynanın vəziyyəti kifayət qədər qəlizdir. Çünki Ukraynaya yardım edən əsas ölkə ABŞ-dir və bu yardım kəsilərsə, Ukrayna nəinki öz torpaqlarını azad edə bilməyəcək, həmçinin Rusiya qarşısında tab gətirə bilməyəcək. Hətta mediada yayılan xəbərlərə görə, əgər Ukrayna bu məsələdən imtina edərsə, ABŞ rəhbərliyinin Ukraynaya sanksiya tətbiq etməsi gündəmdədir.
Digər incə məqam Ukraynaya təhlükəsizlik zəmanətinin hansı formada verilməsidir. Birinci məqam odur ki, Ukrayna özü bunu arzulayır, yəni NATO çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanəti verilməsini. Kiyev birbaşa təşkilata üzv olmur, ancaq NATO-nun təhlükəsizlik zəmanəti altına sığınır. İkinci məsələ odur ki, ABŞ və Böyük Britaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsidir. Burada ABŞ-nin özündə də müəyyən fikir ayrılıqları var. Amma Böyük Britaniya buna razılıq vermiş kimi görünür. Üçüncü məsələ Avropa İttifaqının (Aİ) Ukraynaya təhlükəsizlik zəmanəti verməsidir. Əslində Rusiya tərəfi də buna pis baxmır. Hətta Rusiyadan belə bir fikirlər səsləndirilir ki, Ukrayna Aİ-yə üzv ola bilər”.
Zeynal Əmirəliyev qeyd edib ki, Avropa ölkələri kənarda qalmaq istəmirlər, ona görə Trampın təklif etdiyi planı tam qəbul etmək niyyətində deyillər:
“Onlar özlərinin də xərclədiyi vəsaitin geri qaytarılması istiqamətində addımlar atılacaq bir layihənin üzərində çalışmaq istəyirlər. Yəni, daha çox Ukraynanın itkisinin qarşısını almaq üçün Trampın təklif etdiyi plan üzərində Aİ liderləri də iş aparırlar. Burada əsas məqsəd Ukraynanın tam kapitulyasiyaya oturduğu görüntüsünü yaratmamaq və ABŞ-ın bu məsələdə dominantlığına son qoymaqdır. Bir sözlə, sülh məsələsində ABŞ-nin inhisarçılığına son qoymaq istəyirlər”.
Ariz Həsənoğlu

