Salyanda 200-ə yaxın fermer “Aztəsərrüfat” MMC-yə təhvil verdikləri pambığın pulunu ala bilmədiklərini iddia edir.
Yeniera.az xəbər verir ki, sosial şəbəkələrdə onların narazılığını bildirən görüntülər yayılıb.
Fermerlərin sözlərinə görə, 2024-2025-ci illərdə şirkətin Salyan Aqroparkı Pambıq Qəbulu Məntəqəsi ilə müqavilə əsasında pambıq yetişdiriblər. Məhsulu məntəqəyə təhvil versələr də, ödənişlər tam həyata keçirilməyib. Təsərrüfatçılar bildiriblər ki, artıq bir ildir bu problem həllini tapmır.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə (KTN) sorğu ünvanladıq.
Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, pambıq şirkətləri Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aid edilməyiblər və nazirliyin tabeliyində fəaliyyət göstərmirlər: “Müraciətinizdə qeyd edilən məsələlərin həlli nazirliyin səlahiyyətləri xaricindədir.
Pambıq istehsalçıları və tədarükçüləri arasında münasibətlər bağlanan müqavilələrlə tənzimlənir. Müqavilə şərtlərinin pozulması halında tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Pambıq tədarükü ilə məşğul olan şirkətlər tərəfindən təhvil alınmış məhsulun dəyərinin ödənilməməsi ilə bağlı yaranan mübahisələrin hüquqi müstəvidə həlli məqsədilə pambıq istehsalçılarının məhkəməyə müraciət etmə hüquqları vardır”.
Həmçinin qeyd olunub ki, Salyanda pambıqçıların bir qisminə ödənişə başlanılıb: “Özəl sektorla bir neçə görüş keçirilib. Nazirlik məsələnin həllinə yönələn addımlar atmağa çalışır. Sözügedən şirkət qarşısına fermerlərin ödənişlərini həyata keçirmələri ilə bağlı tələblər qoyulub”.///“Qafqazinfo”

