ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş zabiti və müstəntiqi Con Nikson “Al Arabiya” telekanalına müsahibəsində İraqın mərhum prezidenti Səddam Hüseyni dindirməsi ilə bağlı indiyədək açıqlanmayan təfərrüatları bölüşüb.

Yeniera.az Teleqraf-a istinadla xəbər verir ki, Nikson 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra onun axtarışı əməliyyatında əsas kəşfiyyat müşaviri olub.

O, komandası ilə birlikdə ABŞ xüsusi təyinatlı qüvvələrinin Səddamın gizləndiyi yeri müəyyən edərək, onun həbsinə imkan verən məlumatların toplanmasında iştirak edib.

Nikson təxminən bir ay ərzində Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Kropper həbs düşərgəsində yerləşən dindirmə otağında Səddam Hüseynlə üz-üzə qalıb. O, dindirmələr nəticəsində ABŞ-nin siyasi-hərbi rəhbərliyi üçün gözlənilməz hesab etdiyi qənaətlərə gəldiyini bildirib.

Nikson bildirib ki, MKİ Səddam Hüseynin şəxsiyyətini düzgün qiymətləndirməyib və onu dövlət idarəçiliyinin bütün detallarına nəzarət edən lider kimi təqdim etməkdə ifrata varıb. Halbuki hakimiyyətinin son illərində Səddam gündəlik dövlət işlərinə daha az qarışır, daha çox köməkçilərinə güvənirdi.

O, həmçinin vurğulayıb ki, 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsi zamanı Səddamın kütləvi qırğın silahları olmayıb. Niksonun fikrincə, müharibə qərarı yanlış kəşfiyyat qiymətləndirmələrinə və təsdiqlənmiş sübutlardan daha çox İraq rejimini devirmək istəyinə əsaslanıb.

Nikson əlavə edib ki, ABŞ-nin keçmiş prezidenti Corc Buşun administrasiyası İraqın kütləvi qırğın silahlarına malik olması və Səddam rejimi ilə “Əl-Qaidə” terror təşkilatı arasında əlaqələrin mövcudluğu barədə qeyri-dəqiq məlumatlara istinad edib. Onun sözlərinə görə, Ağ Ev müharibə qərarını dəstəkləyən məlumatları seçərək istifadə edib, bu versiyaya zidd olan kəşfiyyat qiymətləndirmələrini isə nəzərə almayıb.

Şəxsi müşahidələrindən danışan Nikson deyib ki, Səddam Hüseyn devrildikdən sonra mürəkkəb yox, sadə üsuldan istifadə edərək gizlənə bilib. O, paytaxtı azsaylı müşayiətçilərlə mülki avtomobildə tərk edib və ABŞ kəşfiyyatının gözlədiyi mürəkkəb qaçış planının əksinə olaraq, şəxsi mühafizə heyətini tamamilə dəyişib.

Nikson qeyd edib ki, Səddam son dərəcə məxfi və skeptist xarakterə malik olub, niyyətlərini hətta ən yaxın adamlarından belə gizlədib. MKİ-nin keçmiş zabitinin fikrincə, bu xüsusiyyət Səddamın onilliklər boyu hakimiyyətdə qalmasının və yaxın çevrəsinə sızmağın çətin olmasının əsas səbəblərindən biri olub.

Con Nikson mərhum İraq prezidentini dövlət çevrilişi cəhdlərini baş verməmişdən əvvəl zərərsizləşdirməkdə mahir şəxs kimi də xarakterizə edib: “Səddam sədaqətinə şübhə yarandığı andan etibarən həmin şəxslərə qarşı tədbir görür, dövlət qurumları daxilində rəqibləri və müxalifləri izləmək üçün effektiv təhlükəsizlik qurumlarına arxalanırdı”.

Exit mobile version