Bu gün tanınmış alim, ömrünün 50 ilini gənc nəslin maarifləndirilməsinə həsr etmiş mərhum müəllim Məmməd Əli oğlu Hüseynovun “Fizika kursu tədrisində vətənpərvərlik tərbiyəsi” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çoxsaylı ziyalılar, elm və təhsil nümayəndələri, eləcə də Qərbi Azərbaycan ziyalıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə mərhum alim Məmməd Hüseynovun oğlu, MOQOBS şirkətlər qrupunun təsisçisi Əbülfət Hüseynov açıb. O, atasının həyat və yaradıcılığı, uzunillik pedaqoji fəaliyyəti, elm və təhsil sahəsində xidmətləri, eləcə də gənc nəslin təlim-tərbiyəsində oynadığı rol barədə xatirələrini bölüşüb.
Daha sonra Qərbi Azərbaycan ziyalısı Əli Rzayev çıxış edərək müəllimi Məmməd Hüseynovla bağlı xatirələrini danışıb. O, mərhum alimin Azərbaycan təhsilinə verdiyi töhfələrdən, yüksək müəllimlik keyfiyyətlərindən və yetişdirdiyi gənclərin həyatındakı mühüm rolundan söz açıb.
Kitabın elmi redaktoru, filosof-şair Rəfail Həbiboğlu da tədbirdə çıxış edib. O, “Fizika kursu tədrisində vətənpərvərlik tərbiyəsi” kitabının elmi və pedaqoji əhəmiyyətindən danışıb. Bildirib ki, əsər fizikanın tədrisi ilə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə də xüsusi diqqət yetirir.
Əməkdar müəllim, Məmməd Hüseynovun şagirdi Nüşabə Məmmədova çıxışında müəllimi ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Məmməd Hüseynov fəaliyyəti dövründə gənclərə hər zaman dəstək olub, onların təhsilinə və inkişafına xüsusi diqqət göstərib.
Nüşabə Məmmədova qeyd edib ki, müəyyən müddət ərzində Məmməd Hüseynovla rəhbər vəzifədə birlikdə çalışıb. Onun sözlərinə görə, mərhum alim vətənini sevən, Azərbaycançılıq ideyalarını təbliğ edən və bu ideyaların gənc nəsil arasında yayılmasına böyük önəm verən ziyalı olub.
Tədbirdə tanınmış jurnalist Aydın Uluxanlı da çıxış edərək Məmməd Hüseynovla bağlı xatirələrini iştirakçılarla bölüşüb.
Çıxışlarda mərhum alimin Azərbaycan təhsilinə verdiyi töhfələr, uzun illər ərzində gənc nəslin maarifləndirilməsi istiqamətində gördüyü işlər və zəngin pedaqoji irsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edilib ki, “Fizika kursu tədrisində vətənpərvərlik tərbiyəsi” kitabı Məmməd Hüseynovun elmi-pedaqoji irsinin mühüm nümunələrindən biridir. Əsərdə fizika fənninin tədrisi ilə vətənpərvərlik tərbiyəsinin vəhdəti, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması məsələləri öz əksini tapıb.


















