İranın ali rəhbəri Xameneinin nüvə proqramının dayandırılmasına yönəlmiş beynəlxalq öhdəliklərin ləğv olunması ilə bağlı göstəriş verdiyi barədə yayılan məlumatlar beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəs, beynəlxalq müqavilələrin ləğvi ilə bağlı belə bir addım İranın beynəlxalq münasibətlərinə və danışıqlar prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, əgər Xameneinin belə bir əmri həqiqətən verilibsə, bu, beynəlxalq danışıqlara ciddi çağırış kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, İran tərəfi əvvəllər nüvə silahının qadağan edilməsi ilə bağlı dini rəhbərin fitva verdiyini bəyan edirdi. Lakin nüvə proqramı ilə bağlı müqavilələrin ləğv olunması faktiki olaraq İranın 2015-ci ildə əldə olunmuş nüvə razılaşmasından – Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) imtina etməsi anlamına gələ bilər.
“Əgər belə bir qərar reallaşarsa, bu, növbəti mərhələdə regionda gərginliyi artıran əsas amillərdən birinə çevrilər. İran hazırkı vəziyyətdə ABŞ və İsrailin təzyiqlərinə müqavimət göstərməklə öz mövqeyini qorumağa və davam etdirməyə çalışır”, – deyə Oqtay Qasımov qeyd edib.
Siyasi şərhçinin fikrincə, nüvə proqramının davam etdirilməsi istənilən halda müəyyən risklər yaradır.
“Proqram rəsmi olaraq dinc məqsədlər üçün nəzərdə tutulsa belə, texnoloji baxımdan onun hərbi məqsədlərə yönəldilməsi ehtimalı da qalır. Bu isə bütövlükdə regionun təhlükəsizliyi baxımından əlavə risk faktorları yarada və beynəlxalq danışıqlar prosesini daha da çətinləşdirə bilər”.

