Xaricə səyahət edənlərin sayının artması ilə yanaşı, turistlərin yol verdiyi bəzi səhvlər də əlavə xərc və problemlərə səbəb ola bilir. Bilet və hotel seçimindən tutmuş sənədlərin yoxlanılmasına, sığorta və baqaj məsələlərinə qədər bir sıra məqamlar səyahətdən əvvəl nəzərə alınmalıdır.
Xaricə səfər edən azərbaycanlı turistlər ən çox hansı səhvlərə yol verirlər və səyahət zamanı problem yaşamamaq üçün nələrə diqqət etmək lazımdır?
Turizm məsələləri üzrə ekspert, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin sədri Rəhman Quliyev Demokrat.az-a bildirib ki, xaricə səfər zamanı azərbaycanlı turistlərin ən çox yol verdiyi səhvlərdən biri səfəri yalnız qiymət üzərindən planlaşdırmaq və bilet, hotel, viza, baqaj və digər şərtləri tam yoxlamamaqdır:
“Bəzən turistlər bilet alarkən baqaj limitinə, biletin dəyişdirilməsi və ya qaytarılması şərtlərinə diqqət etmirlər və sonradan əlavə xərclərlə üzləşirlər. Digər mühüm məsələ sənədlərin düzgün və vaxtında yoxlanılmasıdır; pasportun etibarlılıq müddəti, viza tələbləri, tranzit qaydaları və səfər edilən ölkənin giriş şərtləri əvvəlcədən dəqiqləşdirilməlidir. Turistlər səyahət sığortasına da bəzən əlavə xərc kimi yanaşırlar, halbuki gözlənilməz tibbi vəziyyət, baqajın itməsi və ya səfərin təxirə düşməsi zamanı sığorta ciddi maliyyə itkisinin qarşısını ala bilər. Hotel seçimində də yalnız internetdəki ən ucuz təklifə üstünlük vermək düzgün deyil. Hotelin yerləşdiyi ərazi, real rəylər, xidmət şərtləri və bronun ləğv imkanları mütləq nəzərə alınmalıdır”.
Rəhman Quliyev əlavə edib ki, xüsusilə ilk dəfə xaricə gedən turistlər hava limanında qeydiyyat, transfer, baqaj və tranzit prosedurlarını əvvəlcədən bilmədikdə əlavə stress və vaxt itkisi yaşaya bilirlər:
“Tövsiyəm budur ki, turistlər bütün bu detalları səfərdən əvvəl dəfələrlə yoxlamaq əvəzinə peşəkar və etibarlı turizm şirkətləri ilə əməkdaşlığa üstünlük versinlər. Sağlam, peşəkar və təcrübəli turizm mütəxəssisi turistin qarşılaşa biləcəyi problemləri əvvəlcədən görür, lazımi tədbirləri vaxtında planlaşdırır və mümkün riskləri minimuma endirir. Bu zaman turist yalnız bilet və hotel deyil, bütövlükdə təhlükəsiz və rahat səyahət planı əldə edir və səfər zamanı yaranan məsələlərin həllində də peşəkar dəstəyə sahib olur. Nəticədə turist bütün bu detalları düşünmək və riskləri özü idarə etmək əvəzinə sağlam və rahat şəkildə səyahətindən zövq alır, istirahətini başa vuraraq problemsiz şəkildə ölkəyə qayıdır”.

