Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycana ehtimal olunan səfəri rəsmi İrəvanın siyasi gündəminin ən həssas və müzakirəli mövzularından biri olaraq qalır. Bu səfərin mümkünlüyü barədə yayılan məlumatlar Ermənistan cəmiyyətində qütbləşməni daha da dərinləşdirir.
Yeniera.az xəbər verir ki, erməni ictimai fəal Alen Qulyan özünün sosial şəbəkə hesabında Paşinyanın Azərbaycana edə biləcəyi mümkün səfərlə bağlı sərt və provokativ iddialar səsləndirib. Qulyan bu səfərin sadəcə diplomatik bir gediş deyil, Ermənistanın daxili siyasi reallıqları üçün sarsıdıcı bir məqam olacağını iddia edib.
İctimai fəalın sözlərinə görə, Paşinyanın Bakıya səfəri təkcə danışıqlarla yekunlaşmayacaq. O, olduqca radikal bir ssenarini dilə gətirərək iddia edib ki, Paşinyan Xocalı abidəsi önündə diz çökəcək, Şəhidlər xiyabanında baş əyəcək və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önündə ehtiramını göstərəcək.
Qulyan vurğulayıb ki, hazırkı iqtidarın tərəfdarları belə bir addımı Ermənistanın gələcəyi üçün “tarixi uğur” və sülhə gedən yolun təməl daşı kimi təqdim etməyə hazırlaşırlar. Onun fikrincə, Ermənistan ictimaiyyətində bu cür radikal addımların qəbuledilməz olduğuna dair etirazlar olsa da, “belə bir ssenarinin reallaşacağına inanmayanların sayı gün keçdikcə azalır”.///NOCOMMENT.az

