Ermənistanda yenicə başa çatan parlament seçkilərinin ardınca daxili siyasi arenada gərginlik pik həddə çatıb. Ölkənin Baş Prokurorluğu keçmiş prezident və “Ermənistan” (Hayastan) blokunun lideri Robert Köçəryana qarşı cinayət təqibinə başlanılması üçün hərəkətə keçib.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, Baş Prokurorluq Robert Köçəryana qarşı cinayət təqibinin başladılmasına və onun barəsində qətimkan tədbirinin seçilməsinə icazə verilməsi tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi vəsatət göndərib.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin rəsmi nəticələrinin elan olunmasından dərhal sonra Robert Köçəryanın ölkəni tərk etmək cəhdinin qarşısı alınıb. O, paytaxt İrəvanın “Zvartnots” beynəlxalq hava limanında saxlanılıb və barəsində ölkədən çıxışa qadağa qoyulub. Müxalifət liderləri bu addımları hakimiyyətin seçki sonrakı siyasi təzyiqləri və intiqam kampaniyası kimi qiymətləndirirlər.

