Xroniki iltihabi proseslər, immun sisteminin vəziyyəti və həyat tərzi orqanizmdə xərçəngönü dəyişikliklərin yaranma riskinə təsir göstərir.
YENİERA.AZ xəbər verir ki, bu barədə bərpa təbabəti üzrə həkim, nevroloq və Sistemli Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, orqanizm daim zədələnmiş və dəyişilmiş hüceyrələrlə qarşılaşır, immun sistemi isə onların tanınmasında və nəzarətdə saxlanılmasında mühüm rol oynayır. Buna görə də sağlamlığın qorunması üçün yuxu rejiminə, qidalanmaya, fiziki aktivliyə, stress səviyyəsinə və xroniki iltihabi proseslərə diqqət yetirmək vacibdir.
Həkim qeyd edib ki, qısamüddətli iltihab orqanizmin normal müdafiə reaksiyası olsa da, uzun müddət davam edən iltihab müxtəlif xəstəliklərlə əlaqəli ola bilər. Davamlı yorğunluq, oynaq ağrıları və sərtliyi, həzm problemlərinin təkrarlanması bu vəziyyətin əlamətləri sırasında ola bilər.
Mütəxəssis yuxunun da mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daimi yuxusuzluq sinir və immun sistemlərinin fəaliyyətinə, maddələr mübadiləsinə və orqanizmin bərpa proseslərinə mənfi təsir göstərir.
A.Mamatovun sözlərinə görə, qidalanmada tərəvəz, meyvə, tam taxıllı məhsullar və liflə zəngin qidalara üstünlük verilməlidir. Eyni zamanda, alkoqolun, duzlu və yüksək dərəcədə emal olunmuş məhsulların həddindən artıq istehlakından çəkinmək tövsiyə olunur.
O, fiziki aktivliyin də vacibliyini qeyd edərək, hər gün 15-30 dəqiqə hərəkət etməyin sağlamlıq üçün faydalı olduğunu bildirib. Bunun üçün ağır məşqlərə ehtiyac yoxdur, əsas məsələ insanın imkanlarına uyğun müntəzəm aktivlikdir.
Həkim əlavə edib ki, xərçəngönü hüceyrələri birdəfəlik orqanizmdən təmizləməyin universal üsulu yoxdur. Əsas məqsəd risk amillərini azaltmaq və profilaktik tədbirlərə əməl etməkdir.
YENİERA.AZ

